BAKI, 6 yanvar — Sputnik. UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"ində koronavirusa yoluxma hallarının sayı artıb.
Sputnik Azərbaycan xəbər verir ki, Liqa 1 təmsilçisinin daha 5 futbolçusunda infeksiya aşkarlanıb. Bunlar Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedir.
Adıçəkilən oyunçuların son məşqdə məhz bu səbəbdən iştirak etmədikləri bildirilib.
"RMC Sport" xəbər verir ki, klub hələlik məsələ ilə bağlı açıqlama verməyib. İddiaya görə, Marsel şəhərinin eyniadlı təmsilçisi test nəticələrini ictimaiyyətdən gizlətmək üçün bu addımı atıb.
Daha əvvəl komandanın heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxublar.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.