BAKI, 6 yanvar — Sputnik. Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təxirə salınması təklif edilib. Sputnik Azərbaycan RTS-yə istinadən xəbər verir ki, təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb.
O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsələr, vəziyyət çətin olacaq".
Qeyd edək ki, Pekin-2022 Olimpiya Oyunları 4-20 fevralda keçiriləcək. Hələlik Olimpiya Oyunlarına Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıblar.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünyada COVID-19 infeksiyasının artım tempini açıqlayıb. Qurumun məlumatına görə, son həftə ərzində COVID-19-a yoluxma 71% artıb.
ÜST həmçinin qeyd edib ki, Çinin COVID-19 əleyhinə gördüyü tədbirlər nəzərə alınarsa, Qış Olimpiya Oyunlarının Pekində leçirilməsi elə də təhlükəli deyil.
Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Tokio Yay Olimpiya Oyunları bir il təxirə salınmış və 2021-ci ildə keçirilmişdi.