BAKI, 6 yanvar — Sputnik. Ölkəmizdə mütəmadi olaraq istehsal olunan məhsulların və xidmətlərin qiyməti bahalaşsa belə, keyfiyyət olduğu kimi qalır.
Çörəyin qiymətinin bahalaşması da onun keyfiyyəti problemini gündəmə gətirib. Bu gün satışda müxtəlif müəssisələrin istehsal etdiyi çörəklər satılsa belə, onların heç də hamısının keyfiyyəti yüksək deyil. Çörək gündəlik istehlak etdiyimiz məhsul olduğundan, onun keyfiyyəti daim alıcıları narahat edir.
Çörəyin keyfiyyəti alıcıları da narahat edir
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çörəyin keyfiyyəti ilə bağlı AİB-ə mütəmadi şikayətlər daxil olur. Birlik sədri bildirir ki, çörəyin hazırlanması ilə bağlı texniki şərtlər var. Amma bütün çörək istehsalçıları bu şərtlərə əməl etmir:
"Azərbaycanda çörəyin yalnız təhlükəsizliyi yoxlanılır. Keyfiyyət məsələsi bazarın ixtiyarına buraxılır. Alıcı, məhsul keyfiyyətlidirsə, alır, keyfiyyətsizdirsə, yox. Amma çörək elə məhsuldur ki, onun keyfiyyəti daim diqqətdə saxlanılmaldır. Hazırlanarkən texniki tələblərə əməl edilib-edilmədiyi yoxlanılmaldır. AİB-ə də mütəmadi olaraq çörəyin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur. Əksər hallarda çörəyin nəmliyi ilə bağlı normalara əməl olunmur".
E.Hüseynov deyir ki, çörəyin daşınmasında da nöqsanlara yol verilir. İri çörək istehsalçılarının çörək daşıyan avtomobilləri olsa da, bəzi kiçik çörək sexləri çörəyi minik avtomobilləri ilə daşıyıb mağazalara paylayır. Bu zaman çörək çirklənməyə məruz qalır.
Bakıda çörəyin qiyməti
© Sputnik / Zullfiye Guluyeva
Çörək istehsal müəssisələri illik plan əsasında yoxlanılır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirdilər ki, ölkəmizdə fəaliyyət göstərən çörək istehsalı müəssisələrində çörəyin keyfiyyəti yox, təhlükəsizliyi yoxlanılır. İllik plan əsasında çörək istehsalı müəssisələrində yoxlamalar aparılaraq təhlükəsizliyi yoxlanılır. Amma AQTA-dan şikayətlər əsasında da çörək istehsalı müəssisələrində plansız yoxlama aparıldığını bildirdilər.
Texniki şərtlər var, amma...
Qurumdan onu da qeyd etdilər ki, ərzaqlıq buğda unu çörəyi üçün texniki şərtlər mövcuddur. Çörək müəyyən edilmiş qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimat üzrə əla, birinci, ikinci və kəpəkli növ buğda unundan və digər əlavə qatqılardan istifadə etməklə bu standartın tələblərinə uyğun olaraq dairəvi və formalı hazırlanıb qablaşdırılmalıdır.
Çörəkdə kənar əlavələrə, mineral qarışıqların xırçıltısına, kifə və digər xəstəliklərə yol verilmir. Kəpəkli un çörəyində nəmlik 48, turşuluq 7, məsaməlik 54-55 olmalıdır. İkinci növ dairəvi buğda çörəyində isə nəmlik 45, turşuluq 4, məsaməlik 64-67 arası olmalıdır. Birinci növ un çörəyində isə nəmlik 44-45 faiz arasında,turşuluq 3, məsaməlik 67-70 təşkil etməlidir.
Çörək sobadan çıxarıldıqdan sonra müəssisə daxilində maksimal saxlama müddəti kəpək unundan hazırlanan çörək üçün - 14 saatdan, digər çörək növləri üçün 10 saatdan, ümumi çörəyin saxlama müddəti 24 saatdan çox olmamalıdır. Çörək istehsalı üçün buğda unu AZS 889-un tələblərinə uyğun olmalıdır. Məhsulun hər vahidi aşağıdakı məlumatlarla markalanmalıdır:
- İstehsalçının adı və onun əmtəə nişanı (olduqda);
- İstehsalçının ünvanı və əlaqə vasitələri (telefon, elektron poçt ünvanı)
- Məhsulun adı;
- Məhsulun çəkisi;
- İstehsal tarixi (ay, il) və vaxtı;
- İstifadə müddəti;
- Saxlanma şəraiti;
- Bu standartın işarəsi;
- Enerji dəyəri (100 q məhsulda kalorililik, zülalların, yağların, karbohidratların miqdarı)
- "GMO yoxdur" işarəsi.
Bakıda çörəyin qiyməti
© Sputnik / Zullfiye Guluyeva
Çörəyin qablaşdırılması — ГОСТ 31752 tələblərinə cavab verməlidir. Toksik elementlərin, mikotoksinlərin, pestisidlərin, genetik modifikasiyalı orqanizmlərin (sonra GMO) miqdarı və mikrobioloji göstəricilər yol verilən həddləri keçməməlidir.
Çörəyin qəbulu ГОСТ 31752 qaydalarına uyğun həyata keçirilməlidir. Buğda unundan çörək partiya ilə qəbul olunur. Müəyyən sayda bir adda eyni qablaşdırılmış, bir istehsalçı tərəfindən istehsal edilmiş bir standart və istehsalçının müəyyən vaxt ərzində digər sənədləri ilə müşayiət olunan, məhsullarının izlənməsini təmin edən sənədlərlə müşayiət olunan partiya sayılır.
Mal-nəqliyyat fakturasında (qaiməsinə) çörək partiyasının bu standartın tələblərinə və çörəyin sobadan götürülmə vaxtına uyğunluğu barədə möhür vurulur. Məhsullardakı toksiki elementlərin, mikotoksinlərin və pestisidlərin tərkibinə nəzarət, AQTA ilə razılaşdırılaraq məhsulun istehsalçısı tərəfindən müəyyən edilmiş və məhsulların təhlükəsizliyinə zəmanət verən qaydada həyata keçirilir.
Çörəyin saxlanma və daşınma qaydası
Çörəyin daşınma və saxlanma qaydaları da texniki tələblərdə əks olunub. Belə ki, çörək xüsusi olaraq ayrılmış otaqlarda saxlanılmalıdır. Yaxşı havalandırılmalı, çörək ehtiyatlarının ziyanvericilərə yoluxması olmayan şəraitdə saxlanılmalıdır.
Çörəyin saxlanıldığı otağın divarlarında və tavanda kifin olmaması şərtdir. Həmin otaq yaxşı işıqlandırılmalı, çörəyin saxlanılması üçün otaqlar kulerlə, açıq və ya qapalı tipli konteynerlərlə, stasionar rəflər-stellajlarla və ya qablarla təchiz edilməlidir. Rəflərə düzülmüş çörək otağın divarları ilə təmasda olmamalıdır.
Ticarət müəssisələrində çörəyin təravətinin qorunması üçün Səhiyyə Nazirliyi tərəfindən icazə verilən parça və ya polimer plyonkalarla bağlanmalıdır. Rəflər, tabaq və qutuları olmalıdır. İsti çörək-bulka məmulatları ilə təmasda olmaq üçün Səhiyyə Nazirliyinin icazə verdiyi materiallardan (ağac, metal, polimer materiallar) örtüklə və ya örtülmədən hazırlanmalıdır.
Çörək və çörək-bulka məmulatlarının saxlanılması üçün otaqların, ehtiyac olduqda, divarlarının, tavanlarının, avadanlığın ağardılması və ya rənglənməsi, həmçinin təmiri və üzlüyün yenilənməsi vaxtı-vaxtında edilməlidir. Otaqlar ildə ən azı bir dəfə dezinfeksiya edilməlidir. Dezinseksiya və deratizasiya sistematik şəkildə aparılmalıdır.
Çörəkdə "kartof xəstəliyi" ilə yoluxma aşkar edildikdə, yoluxmuş çörəyin dərhal çıxarılaraq saxlanıldığı yeri dezinfeksiya edilməlir; inventar və avadanlıq əsaslı mexaniki təmizlənməli, ardınca dezinfeksiya edilməlidir. Çörək məmulatlarının saxlanılması üçün nəzərdə tutulmuş binalarda məmulatlara xas olmayan qoxu verə biləcək digər mal və məhsulların saxlanmasına yol verilmir.
Sobadan çıxarıldığında çörək məmulatları kulerlara, konteynerlərə, avadanlığa, rəflərə və ya qablara sərinləmək üçün yerləşdirilir, düzülmə böyrü və ya altı üstə bir cərgədə yerinə yetirilir. Soyumuş məhsullar saxlama üçün cədvəl 4-də göstərildiyi qaydada düzülür. Soyumuş çörəyin basma ilə saxlanması yol verilmir.
Çörəklər baqajlarda daşınır
Amma apardığımız müşahidələr zamanı çörəyin əksər hallarda nə saxlanma, nə də ki daşınma tələblərinə əməl edildiyinin şahidi olduq. Əksər kiçik mağazalarda çörəyin yığıldığı vitrinlər çirk içində idi. Çörəyin daşınması isə şəxsi minik avtomobillərinin baqajında həyata keçirilir.
Maşında çörəyin satışı
© Sputnik / Zulfiyya Guluyeva
Dövlət qurumu qiyməti müəyyənləşdirdi
Qeyd edək ki, yeni ildən çörəyin qiyməti ölkəmizdə bahalaşıb. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Bu barədə bu gün qurum açıqlama yayıb.
Məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb.
Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılıb. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.
Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Bakıda çörəyin satışı
© Sputnik / Nigar Iskanderova
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.
Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ictimaiyyətə açıqlanacaq.
İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.
Eləcə də oxuyun:
* Mağazalar çörəyin qiyməti ilə necə "oynayır"? - Reportaj - Video