RUSİYA

Moskvada mühüm görüş olacaq: Türkiyə və Ermənistan XİN vaxtı açıqladı

İki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq.
Sputnik
BAKI, 5 yanvar - Sputnik. Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı müəyyənləşib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi "Twitter"də bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq.
Qeyd edək ki, Türkiyə XİN də görüşün keçiriləcəyi vaxtı təsdiqləyib.
Dekabrın 30-da Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarda nəzərdə tutulub.
"Tarix hələ bəlli deyil, ancaq görüşün yanvarda baş tutacağı gözlənlir", - nazir 24TV-yə müsahibəsində bildirib.
Ötən il dekabrın əvvəlində Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
İlk görüşün Moskvada keçiriləcəyi deyilirdi.
Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:
"1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan Zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi".
İstanbul-Yerevan aviareysi bərpa olunmaq üzrədir
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
Şirkət müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.
Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.
Eləcə də oxuyun:
* Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edib
* Türkiyə Ermənistanla anlaşacaq: görüşün məkanı bəllidir
* Rəsmi Ankara: Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur