BAKI, 1 yanvar — Sputnik. "Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında ötən ilin ən yaxşı bombardiri seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, misirli futbolçu ötən il Premyer Liqa oyunlarında 24 qol vurub.
İlk üçlükdə "Tottenhem"dən Harri Keyn (18 qol) və "Mançester Siti"dən İlkay Gündoğan (15) yer alıblar.
Xatırladaq kii, Premyer Liqanın 20-ci turunda "Lester"lə matçda "Liverpul"un futbolçusu Məhəmməd Salahın uğurlu penaltilər seriyası qırılmışdı. 29 yaşlı hücumçu qarşılaşmada 11 metrlik məsafədən fərqlənməyi bacarmayıb. Sözügedən oyunadək Salah ardıcıl 15 penaltini dəqiq yerinə yetirib.
Ümiyyətlə, əvvəllər Salah Premyer Liqada yalnız 1 dəfə penaltini qola çevirə bilməyib. O, ilk dəfə 2017-ci ilin oktyabrında "Haddersfild"lə görüşdə belə imkanı qaçırıb.
Bundan başqa "Transfermarkt" portalı İngiltərə Premyer Liqasının ən dəyərli futbolçularının adlarını açıqlayıb.
Çempionatda çıxış edən ən bahalı futbolçular "Liverpul"dan Məhəmməd Salah, "Çelsi"dən Romelu Lukaku və "Tottenhem"dən Harri Keyndir. Hər üç oyunçunun dəyəri 100 milyon avrodur.
Premyer Liqanın ən bahalı 4-cü oyunçusu "Mançester Yunayted"dən Bruno Fernandeş, 5-ci isə "Mançester Siti"dən Kevin de Bruynedir. Hər iki yarımmüdafiəçinin qiyməti 90 milyon avro göstərilib.
Qeyd edək ki, "Liverpul" qarşılaşmada "Lester"ə 0:1 hesabı ilə uduzub. Aktivində 41 xalı olan komanda turnir cədvəlində lider "Mançester Siti"dən 6 xal geri qalır.
Həmçinin oxuyun:
Azərbaycanlı futbolçuda dopinq aşkarlanıb - AMADA-nın direktoru Şəfəq Hüseynli