CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni illə şəkərburanı nə bağlayır - Tahir Əmiraslanovun dilindən

Tahir Əmiraslanov deyir ki, I Pyotrun yeni ilin tarixini martın 1-dən yanvarın 1-nə keçirməsilə kulinariyada da böyük dəyişiklik olub.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. Azərbaycanda ailələrdə böyük təntənə ilə qeyd olunan bayramlardan biri də Yeni ildir. Amma bununla belə, Yeni illə bağlı fərqli fikirlər var.
Milli Kulinariya Assosiasiyasının prezidenti, Milli Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Sputnik Azərbaycan-a açıqlamasında bu mövzularda olan suallar ətrafında danışıb.
"Yeni il böyük bir bayramdır deyə bilmərəm. Sadəcə olaraq zamanı müəyyən ölçülərə bölmüşük ki, onlardan biri də Miladi təqvimdir", - T.Əmiraslanov deyib.

"Kişiləşən" bayram

Onun sözlərinə görə, öncələr təzə il bizdə martın 21-də, ruslarda martın 1-də, yəhudilərdə sentyabrın 1-də qarşılanardı: "Lakin Rusiya çarı I Pyotr yeni ili 1 yanvar tarixinə çəkdi. Beləcə bayramı "kişiləşdirdi". Çünki 1 mart - Qadınlıq bayramı sayılırdı. Rus imperiyasının tərkibinə qatıldıqdan sonra Yeni il bayram adı ilə bizə də təlqin edildi. Əvvəllər yeni ildə, martda qadın rəmzi olan paxlava (romb) yeyirdiksə, yanvarda, yeni ildə onun yerini yumru pryaniklər tutdu. Amma indi dörd yaşlı nəvəm deyir ki, Şaxta baba yoxdur, bu, nağıldır. O bilir ki, hədiyyəni Şaxta baba deyil, Tahir babası gətirəcək".
Tahir Əmiraslanov deyir ki, dekabrın 31-də heç nədə - təbiətdə, daxilimizdə dəyişiklik olmur: "Noyabrın 21-də dağdan çobanlar enirdilər, noyabrın 30-da Azər bayramı qeyd olunurdu. Heyvanların ətini bişirib küpəyə doldurur, qışa saxlayırdılar. Bundan sonra kişilər marta qədər evdə olurdular. Dekabrın 21-də böyük çillə, kişilər bayramı başlayırdı. 40 gün, 40 gecə kişilər yeyir-içir, evdə oturur, heç yerə getmirdilər. Fevralın 1-də isə 40 gün bitir və qadınlar bayramı başlayırdı. Qadınlar bayramı fevralın 21-dək davam edirdi, 21-də isə boz ay girirdi. Bu bayramın 9-cu günündə Xıdır Nəbi günü başlayırdı.
Xıdır Nəbidən sonra ilk çillə - "Yalançı çərşənbə" gəlir. O vaxt kimsə havaya çıxanda bir mehin əsdiyini, günün çıxdığını görüb deyir ki, yaz gəlib. Camaat çölə çıxıb görür ki, heç nə yoxdur, düşünürlər ki, yazın gəlişi ilə bağlı verilən xəbər yalan imiş. Sonrakı çərşənbələr isə həqiqətən də yazın bir xəbərçisi olurdu. Beləcə, martın 21-də yeni il gəlirdi. İnsanlar yaz gələndə heyvanları götürüb yenidən otlaqlara gedirdilər. Bu zaman kişilərin bayramı başlayırdı".

Soyuq aylarla şəkərburanın nə əlaqəsi?

Tahir Əmiraslanovun sözlərinə görə, qədim zamanlarda noyabrdan kişilər evdə olduqları üçün ailə planlaması edirmişlər və bu səbəbdən marta qədər artıq qadınlar bir neçə aylıq hamilə olarmışlar. Martda, Novruzda süfrələrin bəzəyi olan şəkərbura da hamilə qadının təcəssümüdür: "Şəkərburaya kənardan baxsanız, görə bilərsiniz ki, 2-3 aylıq hamilə qadının qarnına bənzəyir. Onun üzərinə naqqaşla həyat ağacının şəkli çəkilirdi, onu qoruyan iki ilan isə şəkərburanın qırağına dolanıb içindəki həyatı qoruyurdu".
Hələ o zamanlar Azər bayramı və kişilər bayramında kuliç bişirilərmiş: "Kuliç simvol olaraq kişiliyi bildirir. O, bərk olmalıdır. Kuliçin yumşaq olması bədbəxtliyə işarə idi. Novruzda isə romb (paxlava) qadınlıq simvolu hesab edilirdi. O isə yumşaq və şirin olmalıdır. Doğuluş qadındandır və romb qadınlığı ifadə edir".

Zamansızlıqdan keçənlər

"Zaman dayanıqsızdır, sabit deyildir", - deyən Tahir Əmiraslanov fikirlərini əsaslandıraraq bildirir ki, hicri təqvimlə miladi təqvimi qarışdırsaq, bir insanın ildə iki dəfə doğum günü olar: "Ona görə də zamansızlıqda zamanın bayramını qeyd etmək məntiqsizdir. Bu səbədən də qədimlərdə doğum günləri keçirilmirdi. Belə təqvimlər mənasız idi. Zamanı biz bölmüşük, o öz-özünə bölünməyib. İncildə yazılır ki, ey insanlar, siz elə bilirsiniz ki, zaman keçir? Əsllində siz keçirsiniz. Zamanın yaxşı və pis vaxtları olmur. Bütün bunlar insan xarakteristikasına aiddir".
Həmsöhbətimiz bildirir ki, istək olsa, daha öncələr mövcud olan ənənələri geri qaytara bilərik: "Baxın, öncələr bizdə Valentin Gününü qeyd etmək ənənəsi yox idi. Bu ənənə sonradan yarandı".
Eləcə də oxuyun:
* Cənub bölgəsinin Yeni il süfrəsinə maraq qatacaq qaşqaldaqlı plov
* Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək
* Yeni il süfrənizə ləzzətli və ətirli təam, duzda basdırma balıq - videoresept
* Bayram yarmarkasından reportaj - Video/Foto