BAKI, 28 dekabr — Sputnik. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti düşmən tərəfləri ayırmaq üçün mürəkkəb tapşırıqları yerinə yetirib və hazırda regionda planlaşdırılmış profil tapşırıqları həll edir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
"Sülhməramlı qüvvələrimizi bölgəyə yerləşdirməklə biz orada vəziyyəti sakitləşdirə bildik. Planlı işlərin görülməsi üçün növbəti addımlar atılır. İndi bunu artıq planlı adlandırmaq olar. Bu bölgəyə həyat tədricən qayıdır. Getdikcə orada daha çox sülh və əmin-amanlıq hökm sürür", - Sergey Şoyqu vurğulayıb.
Onun sözlərinə əsasən, burada tibbi və humanitar yardımın göstərilməsində iştirak edənlərin hamısının böyük xidməti var: "Əlbəttə ki, sülhməramlı postlarında 24 saat xidmət aparanların əməyi var. Bu müddət ərzində Qarabağda, Suriyada və xaricdəki digər hərbi bazalarımızda xidmət edən bütün komandirlərə, hərbi xidmətçilərə, sıravilərə, çavuş heyətinə təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Eləcə də oxuyun: