CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polad adını daşıyan körpələrin sayı artıb

Ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adlarını verənlər olub.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. 2017-ci ildə 65, 2018-ci ildə 55, 2019-cu ildə isə 53 körpəyə Polad adı qoyulub. Sputnik Azərbaycan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, ötən ildən etibarən bu ada daha çox müraciət olunub.
Belə ki, ötən il ərzində 193 körpəyə Polad adı qoyulub. Cari ildə isə 306 körpəyə Polad adı qoyulub. Ümumilikdə isə son beş ildə 675 körpəyə Polad adı qoyulub.
Qeyd edək ki, ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın da adlarını verənlər oldu.
Bu adlar sırasında general, Milli Qəhrəman Polad Həşimovun adı da üstünlük verilən adlardan biri oldu. Məhz bu səbəbdən də ötən il və cari ildə Polad adının yenidoğulmuş körpələrə verilməsində də nəzərə çarpacaq fərq oldu.
Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutur, Ordumuz düşmənin hücum cəhdinin qarşısını alır və geri oturdur. İyunun 12-dən 13-nə keçən gecə eyni məkanda gərgin anlar davam edir.
Üçüncü Ordu Korpusunun qərargah rəisi Polad Həşimovun da qatıldığı gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu, o cümlədən Polad Həşimov şəhid olur.
Həmçinin oxuyun:
Bu il körpələrə ən çox hansı adlar qoyulub
Süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır
Beş min manatlıq körpə
Bakıda 58 yaşlı qadının ilk övladı doğuldu