BAKI, 24 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər.
Prezident "Yurdda sülh, cahanda sülh" tezisini əsas kimi götürdü
Sputnik Azərbaycan xəbər verir ki, deputat Məlahət İbrahimqızı Prezident İlham Əliyevin bu gün dünyanın çağırışlarına cavab verən lider olduğunu vurğulayıb: "O, təkcə Azərbaycan və bölgəmizin deyil, həm də Avrasiyanın fenomen şəxsiyyətidir. Prezident İlham Əliyev müharibədə də beynəlxalq güclərə dərs keçdi. Ermənistan kapitulyasiya aktına imza atandan sonra Prezident İlham Əliyev "Yurdda sülh, cahanda sülh" tezisini əsas kimi götürdü, nə qədər sülhpərvər xalq olduğumuzu dünyaya göstərdi".
Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq
Deputat Naqif Həmzəyev Prezident İlham Əliyevin Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirdiyini bildirib: "Ölkə başçısı İlham Əliyevin siyasəti, liderliyi nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirdi, ölkəmizə olan marağı artırdı.
Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq, Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".
O bildirib ki, Prezident İlham Əliyevin Birinci və İkinci Qarabağ savaşı zamanı şəhid olmuş qəhrəmanların ailələrinə və qazilərə, müharibə veteranlarına göstərdiyi diqqət və onların sosial təminatının yaxşılaşdırılması üçün atdığı bütün addımlar ən böyük rəğbətə layiqdir.
Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etməyə məcbur oldular
Deputat Elman Nəsirov bildirib ki, xalq Prezident İlham Əliyevi həm də Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq olduğu üçün sevir: "44 günlük Vətən savaşından Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində xalq olaraq qəddimiz düz, başımız uca oldu. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etməyə məcbur oldular".
Son günlər Prezident maaş artımı ilə bağlı çox ciddi fərmanlar imzalayıb
Deputat Vahid Əhmədov bildirib ki, Azərbaycan Prezidenti insanların sosial vəziyyətinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayıb. Dövlət başçısı ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox ciddi addımlar atıb. Onun sözlərinə görə, son günlər Prezident İlham Əliyev maaş artımı ilə bağlı çox ciddi fərmanlar imzalayıb: "Həmin artımlar 4 milyona yaxın insanı əhatə edəcək".
Atılan addımlar öz nəticəsini verir
Deputat Cavid Osmanov deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün atdığı addımlar öz nəticəsini verməkdədir. Azərbaycanın milli maraqlarına xidmət edən siyasət 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə gətirib çıxartdı.
"Prezident İlham Əliyevi Şərqin lideri, xalqımızın milli iftixarı kimi dəyərləndirirəm"
Deputat Fəzail Ağamalı qeyd edib ki, 18 illik prezidentliyi dövründə apardığı siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırıb, xalqımızın sosial rifahını qaldırıb. Prezident İlham Əliyevi Şərqin lideri, xalqımızın milli iftixarı kimi dəyərləndirirəm. Onunla qürur duyuruq.
Məlumat üçün bildirək ki, bu gün Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür.
Ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03%-ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Eləcə də oxuyun:
* Zəfərimizin memarı – Prezident İlham Əliyevin 60 yaşı tamam olur