"Son 80 ildən artıq müddətdə Azərbaycan öz böyük şairinin yubileylərini dəfələrlə təntənə ilə keçirmiş, şairin 880 yaşının tamam olduğu 2021-ci il isə Azərbaycan Respublikasında dövlət tərəfindən rəsmən "Nizami Gəncəvi İli" elan edilib. Nizami Gəncəvi Azərbaycan şairidir, 1141-ci ildə Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, 1209-cu ildə Gəncədə vəfat edib, bu gün də onun Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncədəki mavzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir".
"Tarix boyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülüb".
"Həmin poemada haqqında bəhs edilən Ərmən və ya Ərmənzəmin heç də yanlış olaraq düşünüldüyü və yazıldığı kimi Ermənistan – Armenia deyildir. Ərmən orta əsrlər Azərbaycanında kiçik bir əyalət olmuşdur ki, paytaxtı Bərdə idi. Bərdə şəhəri bu gün də Azərbaycan Respublikasında mövcuddur və həmin şəhəri Nizami digər poemalarında da məhəbbətlə təsvir edir. Şirinin milliyətcə kim olması sualının cavabını isə təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. "Xosrov və Şirin" məsnəvisinin "Şirinin cavabı" adlı fəslində Şirin belə deyir: "Mən qara gözlü türkəm".