BAKI, 23 dekabr - Sputnik. Azərbaycan millisinin rusiyalı legioneri Zelim Kotsoyev (100 kq) Azərbaycanın Cüdo Federasiyasının yeni rəhbərliyi ilə razılığa gəlib. Bu barədə Sputnik Azərbaycan-a Kotsoyev özü məlumat verib.
Zelim Kotsoyevin Azərbaycan Cüdo Federasiyasının əvvəlki rəhbərliyi ilə münaqişəsi yaranmışdı. O vaxt Federasiya prezidenti Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev idi. Kotsoyev onda demişdi ki, federasiya nümayəndələri 2021-ci ilin ilk yarısında Böyük Dəbilqə turnirində uğurlu çıxışından sonra ona düşəcək mükafatın yalnız yarısını ödəyiblər.
Kotsoyev həmçinin mənzil problemindən də şikayətlənmiş, Azərbaycan milli komandasındakı yoldaşlarının evində qaldığını demişdi. Cüdoçu federasiyadan idman vətəndaşlığını dəyişməyinə imkan verən məktub da tələb etmişdi. Onun sözlərinə görə, federasiyada bu məktuba görə ondan 250 min avro (təxminən 500 min manat) tələb etmişdilər.
Sonra isə noyabrda federasiyanın hesabat-seçki konfransı keçirildi və prezident vəzifəsinə AR Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçildi. Bu zaman Kotsoyevlə aralarında problem yaranan vitse-prezident Sadıq Sadıqov da vəzifəsindən getdi.
Yaxınlarda Kotsoyev milli federasiyanın yeni rəhbərliyi ilə danışıqlar aparıb və Azərbaycan millisində çıxışını davam etdirəcəyinə dair razılıq əldə edib.
"Federasiyanın yeni rəhbərliyi ilə ümumi dil tapdıq. Yanvarın əvvəlində Bakıya gələcəm, hər şey normal olsa, müqavilə bağlayacam. Şifahi razılıq var, qalıb sənədləşdirmək", - Kotsoyev deyib.
Ancaq idmançı federasiyanın əvvəlki rəhbərliyinin borclu olduğu mükafatının qalan hissəsini almayacaq.
"Federasiyanın köhnə rəhbərliyinin mənə borclu olduğu pul ödənilməyəcək, çünki onun indiki rəhbərliyə aidiyyəti yoxdur. Mən elə indi də köhnə federasiyanın ucbatından maaşsızam. Ancaq federasiyanın yeni rəhbərləri dedilər ki, yanvardan hər şeyi düzəldəcəklər. Yaxşı adamlardır, onlarla işləmək xoşdur", - Kotsoyev əlavə edib.
Yeri gəlmişkən, çərşənbə günü başqa bir titullu cüdoçumuz - Elmar Qasımovun da Azərbaycan millisinə qayıtdığı barədə məlumat yayılıb. Federasiyanın əvvəlki rəhbərliyi ilə münaqişəsi olan Qasımov deyib ki, "federasiyanı xoşagəlməz adamlar tərk edib, yerinə yaxşıları gəliblər".
Eləcə də oxuyun:
* Azər Əliyev: Şuşa və Kəlbəcərdə məşqlər atletlərimizə faydalı olacaq
* Cəmi on saniyəyə: Azərbaycanlı erməni rəqibini İstanbulda nokauta saldı