BAKI, 22 dekabr — Sputnik. Azərbaycan ədəbiyyatının, kinosunun görkəmli nümayəndəsi, yazıçı, rejissor Həsən Seyidbəylinin dünyaya göz açdığı gündür. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq artist Həsən Seyidbəyli 1920-ci ildə Bakıda anadan olub.
Həsən Seyidbəylinin yazıçı kimi Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Onun qələmə aldığı "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və dünya ölkələrində səhnəyə qoyulub. "Kür sahillərində, "Bizim Astarada", "Telefonçu qız" povestləri, "Cəbhədən-cəbhəyə", "İllər keçir" (İ.Qasımovla birgə), "Tərsanə", "Çiçək" romanları, "Sən nə üçün yaşayırsan" (İ.Qasımovla birgə) pyesləri müasirlərinin mənəvi-əxlaqi saflığından bəhs edir.
1954-cü ildə İmran Qasımovla birgə yazdığı "Uzaq sahillərdə" romanı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunub. O həm də həmin əsərin əsasında eyniadlı filmin rejissorudur.
H.Seyidbəyli eyni zamanda peşəkar publisist idi. İctimai-siyasi xadim kimi tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olur və hər səfərdən qayıdışını mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri yazaraq təəssüratını bölüşürdü.
İctimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan verən H.Seyidbəyli, 1963–1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975–1980-ci illərdə sədri vəzifəsində çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərliyi dövründə gənc kinematoqrafçılar nəslinin yetişməsində böyük rol oynamış və ən önəmlisi isə İttifaqı kinonun maraqlarını qoruyan mərkəzə çevirmişdir.
O, həm ssenarist kimi, həm rejissor kimi Azərbaycan kinematoqrafiyasına bir-birindən maraqlı ekran əsərləri bəxş etmiş, hətta filmlərinin bir çoxunu öz əsərləri əsasında ekranlaşdırıb.
"Qızmar günəş altında", "Uzaq sahillərdə" filmlərinin ssenari müəllifi, "Telefonçu qız", "Kimi daha çox sevirik", "Möcüzələr adası", "Sən niyə susursan", "O qızı tapın", "Xoşbəxtlik qayğıları" filmlərinin isə ssenari müəllifi olmaqla bərabər, həm də rejissoru idi.
"Bizim Cəbiş müəllim" və "Nəsimi" filmlərinə isə sadəcə rejissor kimi quruluş vermişdi. Rejissorun bir-birinin ardınca çəkdiyi filmlər mövzusu, konflikti, cəmiyyətin bəzi problemlərini açıb göstərməsi istiqamətində çox maraqlı və dəyərli sənət nümunələri hesab olunur. "Xoşbəxtlik qayğıları" filmində qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Bu mövzu rejissorun cəmiyyətə, dünyaya mesajı idi.
Rejissor deyirdi ki, mənim seçdiyim qəhrəmanlar tipaj deyildir: "Həmişə haqlarında düşündüyüm, yazdığım, hər gün həyatda təsadüf etdiyim və ekranda görmək istədiyim qəhrəmanlardır".
O, müraciət etdiyi hər bir mövzuda qəhrəmanlarının abidəsini ucaldırdı və ən önəmlisi isə onların peşələrinə xüsusi rəğbət hissi oyadır, həyatdakı nümunəvi mövqelərini alqışlayırdı. Belə filmlərdən müəllimlərin - "Bizim Cəbiş müəllim", rabitəçilərin - "Telefonçu qız", qanun keşikçilərinin - "O qızı tapın", neftçilərin - "Möcüzələr adası" və s. adlarını çəkmək kifayətdir ki, bu peşə sahiblərinin ekran həyatındakı obrazlarının necə dolğun yarandığının şahidi olasan.
Qeyd edək ki, 1950-1980-ci illərdə kinoda müharibə mövzusu həyat həqiqətlərinə əsasən ekranlaşdırılır və bununla yanaşı ölkəmizin mövqeyi, insanların münasibəti çox böyük diqqətlə araşdırılırdı.
"Bizim Cəbiş müəllim" filmində insanların xarakterləri dinamik kadrlarla təsvir olunur. Bəzi epizodlarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin necə bədbəxtliklər törətdiyinin dərin izləri hiss olunur. Rejissor qəhrəmanlarının vasitəsilə bütün dünyanı bürüyən bu kimi mənfi halları qınaq obyektinə çevirirdi...
İllər keçsə də onun qəhrəmanlarının həyat tərzi heç dəyişmir və onların hər biri yenə də mübarizə yolunda əminliklə addımlayırlar.
Ömrünün əsas hissəsini kinoya həsr edən, bir-birindən dəyərli ekran əsərləri yaradan ustadı – Həsən Seyidbəylini doğulduğu gündə böyük sevgi və ehtiramla yad edirik!
Həmçinin oxuyun:
Kinooperator: Axı indi Stanislavski dövrü deyil...
Şəkidən-Moskvaya və böyük sənətə - Azərbaycan kinosuna italyan neorealizmini gətirən adam