CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar 65 yaşda pensiyaya çıxır, 6 il sürünür, 71 yaşda isə ölür - İqtisadçı

Ekspert: Azərbaycanda başqa ölkələrlə müqayisədə orta ömür müddəti kifayət qədər aşağıdır - 71 il.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Azərbaycan vətəndaşları arasında ölüm statistikasında artım var. Belə ki, 2020-ci ildə ölkə üzrə ölənlərin sayı əvvəlki ilə nisbətən 25 min nəfər çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 55 min 916 vətəndaş, ötən il isə 75 min 647 vətəndaş dünyasını dəyişib.
Cinslər arasında da ölüm sayında ciddi fərqlər var. Belə ki, 2020-ci ildə şəhər yerlərində dünyasını dəyişən qadınların sayı 18 min 451, kişilərin sayı isə bundan daha çox, 23 min 598 olub.
Kənd yerlərdində də baş verən ölüm hallarında cinslər arası fərq nəzərə çarpır. Belə ki, ötən il ərzində kənd yerlərində yaşayan qadınlar arasında ölənlər 15 min 115, kişilər isə 18 min 483 olub.
Komitənin məlumatına görə, Azərbaycanda cinslər arası fərqlə yanaşı, yaşlara görə də ölüm sayında fərqlər var. Ən çox ölüm halının qeydə alındığı yaş kateqoriyalarından biri də 45-64 yaşdır.
Ümumilikdə ötən il bu yaşlar üzrə 19 min 968 ölüm halı qeydə alınıb. Ötən il ərzində təkcə 45-49 yaşlı şəxslər arasında 2 315 ölüm halı qeydə alınıb. 65-84 yaş arası ölənlərin sayı isə 33 min 464 olub. Bu isə həm də ölkə üzrə təqaüd alanların sayının azalması deməkdir.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında insanların ömür yaşının qısalması və bunun fonunda pensiya yaşının azaldılmasının vacibliyindən danışıb, bildirib ki, hazırkı təqaüd sistemi təşviqedici deyil:
"Ötən il həm müharibə, həm də pandemiya vəziyyətinin olması da ölüm hallarının artmasına təsir etmişdi. Hökumət pandemiya şəraitində ölüm hallarının sayının az olduğunu deyirdi. Lakin qeydiyyatdan kənar ölüm halları kifayət qədər çoxdur. Lakin məsələyə daha geniş aspektdən yanaşsaq, deyə bilərik ki, Azərbaycanda başqa ölkələrlə müqayisədə orta ömür müddəti kifayət qədər aşağıdır. Kanada, Almaniya, Yaponiya kimi ölkələrdə orta ömür 87-89 il, Azərbaycanda isə 71 ildir. Bundan sonrakı 40 ildə də belə olacaq. Bu gün doğulanlar üçün gözlənilən ömür təxminən 76 ildir. Məsələyə bu apsektdən yanaşsaq, təqaüd sisteminin təşviqedici olmadığını deyə bilərik. Pensiya alan vətəndaşların sayının azalması prosesi gedir. Bu bir tərəfdən ölüm hallarının artmasından qaynaqlanırsa, digər tərəfdən də pensiya sisteminin əlçatanlığının azaldılması ilə bağlı qəbul edilən qərarlardan irəli gəlir. Nəticədə 1 milyon 320 milyon təqaüdçü vətəndaşın sayı son 3 ildə azalaraq 1 milyon 300 minə düşüb. Sosial apsektdən qiymətləndirsək, bu əhalinin gəlirlərinə mənfi təsir edən amildir".
İqtisadçı-ekspert Rəşad Həsənov
Ekspert bildirir ki, infrastruktur dəyişməli, qanunların işləkliyi təmin olunmalıdır, insanların gündəlik həyat tərzində qarşılaşdıqları problemlər aradan qaldırılmalıdır:

"İnsanlar üçün stressiz, rəvan həyat tərzi yaradılmalıdır. Qida təhlükəsizliyi ilə bağlı daha keyfiyyətli proqramlar icra olunmalıdır. Ərzaq sisteminin təchizatında nəzarət güclənməlidir. Hökumətin gördüyü əsas iş odur ki, görülən tədbirlərdən insanlara probem yaranmasın. Ekoloji təmizliklə bağlı tədbirlər görülməlidir, yaşıl enerji təşviq olunmalıdır. Əhalinin 50 faizi Bakıda yaşayır və paytaxtın kifayət qədər çirklənmiş havası var. Bütün bunlar da orta ömür yaşını azaldan səbəblərdəndir".

Pensiya ilə bağlı danışan R.Həsənov deyir ki, pensiya yaşı azaldılamlıdır:
"Çünki bizdə vətəndaşın faktiki olaraq orta ömür yaş ilə pensiya yaşı arasındakı fərq cəmi 6 ildir. İnsanlar 65 yaşda pensiyaya çıxır, 71 yaşda isə ölür. Dünyada isə ortalama olaraq bu fərq ən azı 14 ildir. Dünyadakı bu göstəriciyə çatmaq mümkün olmasa da, ən azı pensiya yaşını 5 il azaltmaq mümkün olar. Buna ehtiyac var. Yaponlar pensiyaya çıxır və 22 il bu pensiya ilə yüksək şəraitdə gəzir, yaşayır. Bizdə isə vətəndaş pensiyaya çıxır və 6 il sürünür. Bizim pensiya sistemimiz təşviqedici deyil. Pensiya sistemi tamamilə ləğv edilib, yenidənə qurulmalıdır".
Sosioloq Üzeyir Şəfiyev isə Sputnik Azərbaycan-a açıqlamasında ümumlikdə ölümlərə təsir edən amillərdən danışıb, bildirib ki, ölüm statistikasında artıma səbəb amillərdən biri də intihar hallarıdır. O qeyd edir ki, bundan başqa, aqressiv davranışlar nəticəsində baş verən qətl hadisələrinin də bura təsiri var:
"İnsan ömrünə təsir edən psixoloji, sosial, ekoloji amillər də var. Bundan başqa, mövcud pandemiya şəraiti özü də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu zaman digər xəstəliklər də üzə çıxır".
Həmçinin oxuyun:
Maaş və pensiyadan danışan deputatdan proqnoz: "Bahalaşma tamamilə dayana bilər"
Milli Məclisdə 500 manat söhbəti və Tahir Kərimlidən qəribə üzrxahlıq
Azərbaycanda kimlər pensiyaya vaxtından tez çıxa biləcəklər? Detallar
Maaş kartlarının sayı artıb
Elman Rüstəmov: Ərzaq inflyasiyasına diqqət artırılmalıdır