BAKI, 21 dekabr — Sputnik. Rusiya bundan sonra da öz Silahlı Qüvvələrini təkmilləşdirməyə və gücləndirməyə davam etməlidir. Dünyada hərbi vəziyyət ağır olaraq qalır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı bildirib.
"Bir sıra regionlarda münaqişə potensialı artıb, yeni gərginlik ocaqları yaranıb", - deyə Putin qeyd edib.
O, həmçinin bildirib ki, Rusiya ordusunun müasir silahlarla planlı və balanslaşdırılmış təchizatı davam etdirilməlidir.
Putin bildirib ki, bu gün bir çox sahələrdə uğur birbaşa qərarların düzgünlüyündən və sürətindən asılıdır:
"Hərbi sahədə isə hərbi əməliyyatlar zamanı belə sürət sözün əsl mənasında dəqiqələrlə, hətta saniyələrlə hesablanır. Ona görə də, xüsusi ilə taktiki həlqədə olmaqla bütün səviyyələrdə komandirlərin qərar qəbul etməsinə dəstək sistemləri hazırlamaq lazımdır. Bu sistemlərə süni intellekt texnologiyaları daxil etmək lazımdır".
Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında onu da deyib ki, bu gün Avropada mövcud gərginlik ABŞ-ın günahıdır.
"Rusiya hər addımda birtəhər cavab vermək məcburiyyətində qaldı, hər addımda vəziyyət daha da pisləşdi və deqradasiyaya uğradı. Bu gün elə bir vəziyyətdəyik ki, nəyəsə qərar verməliyik", - deyə Putin bildirib.
Rusiya lideri qeyd edib ki, beynəlxalq hüquq prinsipləri arxasında gizlənən Qərbin manipulyasiyaları bezdirib:
"Onlara beynəlaq hüquq və BMT mane olanda, bütün bunları köhnəlmiş, lazımsız hesab edirlər. Nə isə onların maraqlarına uyğun gələndə dərhal beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqa əsaslanırlar. Bu manipulyasiyalar bezdirib".
Eləcə də oxuyun: