BAKI, 20 dekabr — Sputnik. "Ölkədə ilk müstəqil qəzeti mən çıxarmışam, 5 il mətbuat naziri olmuşam. O dövrdə ilk qanunu biz hazırlamışıq. Lakin qanun yaradıcılığında heç məni yada salmayıblar". Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Media haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bu qanun daha çox daxili mediaya hesablanıb:
"Halbuki Azərbaycan üçün əsas təhlükə xarici mediadandır. Ona görə daxildəki mətbuatı indiyə qədər olan qanunlar idarə edirdi. Amma daxildəki mətbuat təhlükə deyil. Jurnalistikanı müqaviləyə bağlamaq olmaz, jurnalist peşədir. Qəzetlərə köşə yazan yazarlar var. Sən onu jurnalist saymayacaqsan?! Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən. Jurnalist ömürlük jurnalistdir, istəyir işləsin, istəyir işləməsin".
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra lahiyə II oxunuşda qəbul edilib.
Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Həmçinin oxuyun:
Media haqqında qanun layihəsi II oxunuşdan da keçdi
"Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
Parlamentdə "Media haqqında" yeni qanun layihəsinə baxılır - Deputatlar çıxış edirlər