BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasının "Omikron" ştammına yoluxma faktı aşkarlanmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalar davam edir:
"Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının "Omikron" ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştamma yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur.
Tədqiqatçıların fikrincə, SARS-CoV-2 genomundakı dəyişikliklərin çoxu bu variantın yüksək ötürücülüyə malik olmasından, eləcə də, xəstə və peyvənd olunmuş şəxslərdə əmələ gələn qoruyucu anticisimlərə qarşı müqavimətindən xəbər verir. Bununla belə, yekun nəticə çıxarmaq üçün zamana ehtiyac var.
Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Həmçinin oxuyun: