AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycandan Rusiyaya avtomobillə getmək imkanı yaradılır - şərtlər

Azərbaycandan Rusiyaya gedib-qayıtmaq avtomobillə daha ucuz başa gəlir. İndi bunun üşün XİN xüsusi imkan yaradıb.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. Rusiyaya getmək istəyən azərbaycanlılar Dağıstan istiqamətində quru sərhədini keçmək imkanı qazanıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, AR Xarici İşlər Nazirliyi qonşu ölkəyə avtomobillə getmək istəyənlər üçün xüsusi şərait yaradıb. Ancaq bu güzəştdən yalnız Rusiya ərazisində yaxın qohumları olanlar istifadə edə bilərlər.
2020-ci ilin aprelindən koronavirus pandemiyası səbəbindən Azərbaycan və Rusiya qarşılıqlı olaraq əhalinin sağlamlığı ilə risk etməmək üçün quru sərhədlərini vətəndaşların hərəkəti üçün bağladılar. Sərhədlər yalnız beynəlxalq yerüstü yük daşımaları üçün açıq qaldı.
Sonra, 2021-ci ildən Azərbaycan Rusiya vətəndaşları üçün nəzarət-keçid məntəqələrini açdı. Əcnəbilər Dağıstan istiqamətindən Azərbaycana rahat gəlib-qayıda bilərlər.
Son aylar sərhədin Azərbaycan tərəfində canlanma müşahidə edilir. Azərbaycanlılar indi Rusiyaya təkcə təyyarə ilə deyil, avtomobillə də gedə bilərlər. Sonuncu üçün AR Xarici İşlər Nazirliyindən xüsusi icazə almaq lazımdır.
Xaçmaz rayonundan olan təqaüdçü ər-arvad Məmməd və Rita İbrahimovlar pandemiyadan əvvəl hər Yeni il qabağı bayramı ailəlikcə qeyd etmək üçün Saratov və Moskvada yaşayan övladlarıgilə gedərdilər. Pandemiya başlayandan Rusiyaya getmək üçün yeganə yol təyyarə səfəri idi. Azərbaycan Rusiya ilə aviaəlaqəni bərpa edən kimi biletlərin də qiyməti xeyli qalxdı. Bakı-Moskva-Bakı reysinə bilet 1400 manatdan baha çıxır. Pandemiyadan əvvəl isə bu rəqəm 800 manatdan çox deyildi.
İbrahimovlar da yol xərcini azaltmaq məqsədilə yerli hakimiyyətdən pandemiyadan əvvəl olduğu kimi sərhədi quru yolu ilə keçmək icazəsi istədilər. Azərbaycan tərəfində sərhədçilər onlara Azərbaycan XİN-ə müraciət etməyi məsləhət gördülər.
Sputnik Azərbaycan da həmin qaydalarla maraqlandı və Azərbaycan XİN-dən ölkəni quru sərhədi ilə tərk etmək istəyən vətəndaşların necə müraciət etməli olduqları barədə cavab aldı. Bunun üçün vətəndaşlar ərizə yazaraq səfərlərinin məqsədini izah etməlidirlər.
Qurumdan verilən məlumata görə, Rusiyada yaxın qohumları – valideynləri, həyat yoldaşları və ya uşaqları – yaşayan adamlar belə bir icazə ala bilərlər. Ərizə ilə birlikdə şəxsiyyət vəsiqəsinin, xarici pasportun, qəbul edən tərəfin pasportlarının, doğum haqda şəhadətnamələrinin surətləri təqdim olunmalıdır.
Əgər adam ölkəni öz avtomobilində tərk edirsə, onun texniki pasportunun surəti də tələb olunur. Ərizəyə on gün müddətində baxılır. İcazə alanlar Azərbaycan ərazisini bir ay ərzində quru yolu ilə tərk edə bilərlər.
Maraqlıdır ki, eyni qayda ilə geriyə qayıtmaq istəyən azərbaycanlılar yenə də Azərbaycan XİN-ə müraciət etməlidirlər, amma bu dəfə onlayn. Adıçəkilən bütün sənədləri nazirliyin katiblik@mfa.gov.az elektron ünvanına göndərmək lazımdır. Bu halda on gün ərzində Azərbaycan XİN-dən eyni yolla ölkəyə qayıtmağa icazə verilib-verilmədiyi barədə cavab gələcək.
Eləcə də oxuyun:
* Mehdiyev Gorus-Qafan postu haqda: Nə edəcəkləri barədə düşünmələri onların işidir
* Putinin sərhəddə gecələyən uşaqlara yazığı gəldi
* Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif