AZƏRBAYCAN XƏBƏRLƏRİ

Rusiya Qarabağa sərmayə qoymağa hazırdır – detallar

Şahin Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeddi yol xəritəsi var və onların üzərində iş uğurla davam etdirilir.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün Azərbaycana 13 təklif paketi təqdim edib. Bunu Bakıda, ADA Universitetində "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı olaraq qalır və qarşılıqlı ticarətin artım tempinin daha da yüksələcəyi gözlənilir. Mustafayev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu bildirib.
"Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi 6 milyard dollar təşkil edib ki, bunun da 4,5 milyard dolları birbaşa investisiyalardır. Rusiya iqtisadiyyatına Azərbaycanın birbaşa investisiyaları isə 1,2 milyard dollar təşkil edir. Azərbaycanda Rusiya kapitallı 1100-dən çox şirkət qeydiyyatdan keçib", - deyə Mustafayev vurğulayıb.
Konfransda iştirak edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə Azərbaycanın Rusiyaya 1,5 milyard dollar həcmində investisiya yatırdığı barədə məlumat verib.

Rusiya Qarabağa investisiya qoymağa hazırdır

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası çərçivəsində də Bakı ilə Moskva arasında əməkdaşlıq üçün yeni imkanlar açılır", - deyə Mustafayev vurğulayıb.
"Rusiyanın təkliflərinə əsaslanan 13 layihədən ibarət paket də var. Bundan başqa, Cəbrayılda xidmət mərkəzi açan KAMAZ-ın timsalında Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair konkret nümunə də var", - deyə o vurğulayıb.
Azərbaycan Baş nazirinin müavini onu qeyd edib ki, son iki ildə dünya ictimaiyyəti və bütövlükdə region bir sıra ciddi problemlərlə - pandemiya, silahlı münaqişələr, enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması ilə üz-üzə qalıb.
"Bununla belə, yeni reallıqlar yeni imkanlar açdı və bizi əməkdaşlığın yeni formalarına yenidən nəzər salmağa, əlavə inkişaf nöqtələri tapmağa sövq etdi", - deyə Mustafayev bildirib.
Şahin Mustafayev onu da deyib ki, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeddi yol xəritəsi var və onların üzərində iş uğurla davam etdirilir.
"Biz qarşıya qoyduğumuz məqsədlərə nail oluruq", - deyə Baş nazirin müavini vurğulayıb.
O xatırladıb ki, 2020-ci ildə koronavirus səbəbindən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bir qədər azalıb. Bununla belə, 2021-ci ilin 10 ayı ərzində 7% və ya 2,350 milyard dollara qədər artıb.
Eləcə də oxuyun:
* Overçukun Bakıya təkrar səfəri nə ilə bağlıdır
* Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif