BAKI, 14 dekabr — Sputnik. İki mərhələdən ibarət Məktəblilərin onlayn Avropa Çempionatında şahmatçılarımız müxtəlif yaş qruplarında 5 medal qazanıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
13 yaşlı qızların yarışında Nərmin Abdinova final görüşündə 1.5:0.5 xal hesabı ilə rəqibi üzərində qələbə qazanaraq qızıl medalın sahibi olub. Daha iki şahmatçımız - 15 yaşlı oğlanların qrupunda Şiroğlan Talıbov və 10 yaşlı oğlanların qrupunda Xaqan Əhməd yalnız final görüşlərində məğlub olaraq gümüş medalın sahibi olublar.
11 və 10 yaşlı qızların yarışında müfaviq olaraq mübarizə aparan şahmatçılarımızdan Lalə Hüseynova və Əsnad Vəliyeva 3-cü nəticə göstərərək bürünc medalı qazanıblar. Ümumilikdə, final mərhələsində 9 şahmatçımız mübarizə aparıb.
Qeyd edək ki, çempionat iki mərhələ üzrə keçirilib. İlkin seçmə mərhələ 3-5 dekabr tarixləri arasında, final mərhələ isə 10-12 tarixlərində Tornelo oyun platformasında təşkil olunub. Hər qrupda (10,11,13,15 və 17 yaş qrupları) finala çıxan 8 iştirakçı, seçmə mərhələdə "10+3" nəzarət vaxtı ilə İsveçrə sistemi üzrə 7 turda, müəyyən olunub. Final mərhələsi isə Olimpiya sistemi ilə keçirilən "15'+10" nəzarət vaxtı ilə mini matçlardan ibarət idi.
Oyunların "anticheating" sistemi ilə yoxlanmasından sonra 15 dekabr tarixində çempionatın bağlanış mərasimi olacaq.