BAKI, 13 dekabr — Sputnik. Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibercinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq təşkilatlara 3 erməni hakeri ilə bağlı müraciət edib.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
“Ötən ilin iyununda Fuad Musayev adlı şəxsin adından insanlara məktublar daxil olub. Bu sahədə müəyyən bilgisi olanlar göndərilən elektron poçt adresinə baxmaqla bunun şübhəli olduğunu anlaya bilərlər”, - T.Məmmədov deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum bu "e-mail"in kiberhücum olduğunu müəyyənləşdirib: “Bizim araşdırmamız nəticəsində məlum oldu ki, bu hücumun arxasında Ermənistana məxsus “IT Security LLC” (itsec.am) şirkəti dayanır. Bu şirkət vasitəsilə Armen Qnuni (Armen Gnuni), İran ermənisi Ara Babaxani (Ara Babakhani), Aşot Mnatsakanyanın (Ashot Mnatsakanyan) həmin hücumu Fuad Musayev adı altında həyata keçirdiyini müəyyən etdik və cinayətə beynəlxalq səviyyədə qiymət verilməsi üçün müvafiq qurumları məlumatlandırmışıq”.
Eləcə də oxuyun: