TƏHSİL

56 nömrəli məktəbin qarşısında şirniyyat adı ilə narkotik paylanılıbmı? - DİN cavab verdi

Polis mayoru valideynləri əmin edib ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeyd-şərtsiz yoxlanılır.
Sputnik
\BAKI, 10 dekabr — Sputnik. Bir neçə gün öncə Masazırda yerləşər Kəlbəcər rayonu 56 saylı orta məktəbin qarşısında naməlum şəxsin məktəblilərə şirniyyat adı ilə narkotik payladığı iddia olunub.
Daxili İşlər Nazirliyi və məktəbdən bununla bağlı nə deyirlər?
Sputnik Azərbaycan öncə məktəbin direktoru Aidə Əhmədova ilə əlaqə saxlayıb. A.Əhmədova deyir ki, bu hadisə məktəbdən kənarda, 300 metr aralıda baş verib: "Uşaqlara şirniyyata oxşar bir şey paylayıblar. Bu, ikinci növbədə baş verib, uşaqlar məktəbə gələndə bir neçəsinin əlində yaşıl qəribə qablaşdırma gördükdə əllərindən aldıq. Siniflərə daxil olaraq da onlara möhkəm tapşırdıq ki, naməlum şəxslər sizə nə versələr, almayın. Dedik ki, əmin deyil, dayın, baban deyil, tanıdığın adam deyil, niyə verdiyi bir şeyi götürürsən? Valideyn iclası keçirtdik və dedik ki, siz də övladlarınıza tapşırın ki, yad adamlardan nəsə almasınlar".
Sonradan bununla bağlı polisə müraciət edilib: "Polis araşdırmaya başlayıb. Həmin şəxsi müəyyən edərək aparıblar. Lakin bu hadisə məktəbin həyətində baş verməyib. Məktəbin həyətində 5 kamera var".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şübhəli şəxs müəyyən olunaraq saxlanılıb və hazırda ekspertiza aparılır: "O şirniyyat idi, ya yox, tərkibində narkotik maddə varmı, yoxmu - bütün bunlar haqda daha ətraflı məlumat ekspertizadan sonra veriləcək.
Məktəblər və məktəblilərin qorunması üçün bütün zəruri tədbirlər icra olunur, respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur. Azərbaycanda fəaliyyət göstərən orta və ali təhsil mərkəzlərində narkotik maddələrlə əlaqəli bir fakt belə yoxdur. Sosial şəbəkələrdə bəzi şəxslərin yaydıqları məlumatlar əsassızdır, həqiqətə uyğun deyil".
"Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün siqnallar qeyd-şərtsiz yoxlanılır. Hətta “feyk-nyus”lar belə diqqətdən kənarda qalmır", - deyə E.Hacıyev əlavə edib.
Eləcə də oxuyun:
* Azərbaycanda məktəbə hücum etdilər - hadisə araşdırılır
* "Məktəbə bıçaqla gələn" şagirdlə bağlı rəsmi açıqlama
* Nizam-intizamı pozan şagird təhsildən kənarlaşdırıla bilərmi? - mütəxəssis rəyi
* Ağstafada şagirdin bıçaqlanması ilə bağlı direktor danışdı: On gün idi, dərsə gəlmirdi