İQTİSADİYYAT

Dağları qaytardıq, sərvətini də qaytararıq: Azərbaycan dağ-mədən sənayesinin ikinci həyatı

Azərbaycan regionun nəhng qiymətli metal ixracatçısına çevrilməyi planlaşdırır. Bəs ölkəmizin işğaldan azad olunmuş rayonlarındakı real qızıl və gümüş ehtiyatlarının həcmi nə qədərdir? Ətraflı Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Azərbaycanın qeyri-neft məhsullarının ixracında dağ-mədən sahəsi həmişə mühüm rol oynayıb – ölkəmiz böyük uğurla dünya bazarına qızıl, gümüş, mis və başqa qiymətli metallar çıxarır.
Ancaq təxminən otuz il işğal altında qalmış ərazilərimizi azad edəndən sonra Azərbaycanın dağ-mədən sənayesinin tarixində yeni səhifə açıldı. Çünki ölkəmiz bu ərazilərlə yanaşı, həm də iri qızıl və gümüş yataqlarını da öz nəzarəti altına aldı. Üstəlik, dağ-mədən sektorunun inkişafı və bu sahəyə invesitsiyaların cəlb olunması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər də olundu.
Vergi Məcəlləsinə bu yaxınlarda edilmiş dəyişikliklərdən biri faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı sahəsində layihələr üzrə torpaq vergisinin 75% azaldılmasıdır. Dəyişikliklər ölkənin mədənçıxarma sektorunu xarici kapital üçün daha da cəlbedici edəcək bir sıra digər güzəştlər və sadələşdirmələri də nəzərdə tutur.

Yüksək iqtisadi potensiala malik sahə

İqtisadi İslahatlar və Kommunikasiyalar Mərkəzinin eksperti Coşqun Cəfərovun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksək iqtisadi potensiala malik sahələrdən biri də yaxın gələcəkdə böyük inkişaf perspektivləri olan mədənçıxarma sənayesidir.
"Həm Qarabağ, həm də Şərqi-Zəngəzur iqtisadi rayonları metal və qeyri-metal faydalı qazıntılarla zəngindir. Bura metallardan qızıl, gümüş, mis, molibden, civə, qurğuşun, sink, qeyri-metallardan isə qum, üzlük daşı, gips, tikinti daşı, gil, əhəng və sement aiddir", – deyə Cəfərov Sputnik Azərbaycana bildirib.
Bundan başqa, ekspertin sözlərinə görə, qızıl yataqları baxımından Şərqi Zəngəzur iqtisadi rayonu, xüsusən də, bura daxil olan Kəlbəcər və Zəngilan rayonları əsas mərkəz hesab olunur. Hazırkı qiymətləndirmələrə görə, Kəlbəcər rayonundakı qızıl ehtiyatları 143 ton, Zəngilan rayonundakı ehtiyatlar isə 6,5 ton həcmində dəyərləndirilir.
"Kəlbəcər rayonundakı qızıl ehtiyatları əsasən üç yataqda toplanıb: 112,5 tonluq Söyüdlü və 13 tondan artıq ehtiyata malik Ağduzdağla Tutğun. Artıq Tutğunda geoloji kəşfiyyat işlərinə başlanılıb. Geoloji-geofiziki tədqiqatlar rayonun digər perspektivli ərazilərində, o cümlədən Zərqulu, Qızılıtən, Qərbi Qızılıtən və Qazıxanlıda aparılır", – deyə Cəfərov əlavə edib.
Eyni zamanda, Zəngilan rayonundakı əsas qızıl ehtiyatları Vejnəli yatağında cəmləşib. Ekspert qeyd edib ki, onun tərkibində kvars, qızıl-sulfid yataqları var və geoloji-sənaye əhəmiyyətlidir. Belə ki, yatağın C1 blokunda 183 min ton filiz, 2169 ton qızıl, 0,19 ton gümüş, 0,2 min ton mis ehtiyatları mövcuddur. C2 bloku isə 433 min ton filiz, 4 347 ton qızıl, 9,9 ton gümüş və 2,8 min ton gümüş ehtiyatlarına malikdir.

Təbii sərvətlərin regionun inkişafındakı rolu

Cəfərov deyir ki, bu faydalı qazıntı yataqlarının Zəngilan və Kəlbəcər rayonları və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafında rolu şübhəsizdir.
"Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 3570,8 kiloqram qızıl, 4310,1 kiloqram gümüş və 2717,5 kiloqram mis hasil edilib. Bir neçə ilin məlumatlarına nəzər salsaq, görərik ki, qeyri-neft sənayesi inkişafa meyillidir. Bu yataqlar "AzerGold" dövlət şirkətinə istehsal imkanlarını genişləndirmək, eləcə də xarici şirkətləri ölkənin mədənçıxarma sənayesinə cəlb etməyə imkan verəcək", - deyə Cəfərov vurğulayıb.
ELM
Kəlbəcərdə geoloji-axtarış işlərinə başlanılıb
Bundan başqa, ekspertin sözlərinə görə, mədənçıxarma sənayesinin inkişafı ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər vəsaitlərini yenidən təbii ehtiyatlar balansına daxil edəcək şirkətlərin fəaliyyətinin stimullaşdırılması üçün mühüm əhəmiyyət kəsb edəcək. Cəfərov belə hesab edir ki, düzəlişlər mədənçıxarma müəssisələrinin vergi və maliyyə yükünü azaldacaq ki, bu da hasilat sənayesinin növbəti hasilat dövrünə qədər gəlirliliyini artıracaq.
"Dağ-mədən sənayesinin sürətli bərpasının və işğaldan azad edilmiş ərazilərin iqtisadi inteqrasiyasının gələcək üçün əsas hədəflərdən biri olduğunu nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, vergi güzəşti bərpa prosesində sərmayədarları stimullaşdırmaq və həvəsləndirmək üçün əsas fiskal stimul vasitələrindən birinə çevriləcək", - deyə ekspert Sputnik Azərbaycan-a bildirib.

Güzəştlər azad olunmuş ərazilərin bərpası prosesini sürətləndirəcək

Cəfərov deyir ki, Məcəlləyə təklif olunan daha bir düzəliş mədənçıxarma sənayesinə vergi dəstəyinin göstərilməsindən ibarətdir.
"Məlumdur ki, mədənçıxarma müəssisələri də faydalı qazıntı hasilatı vergisinə cəlb olunur. Təklifə əsasən, neft-qaz sektoru istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən bir təqvim ili üçün hesablanmış torpaq vergisinin məbləğindən çox olmayaraq tutulan verginin məbləği azaldılır. Ümumilikdə deyə bilərəm ki, təklif olunan dəyişikliklər hasilat sənayesi üçün torpaqların və faydalı qazıntıların çıxarılmasına görə vergilərin məbləğini xeyli azaldacaq", – deyə ekspert qeyd edib.
Beləliklə, Azərbaycanın münaqişədən sonrakı iqtisadi dirçəliş dövrü üçün bu güzəştlər işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyini artıracaq və bərpa prosesini sürətləndirəcək.
İşğaldan azad edilmiş ərazilərin təbii sərvətlər potensialı və təklif olunan güzəştlər xarici investisiyalar baxımından xüsusi əhəmiyyət kəsb edir.
İşğaldan azad olunmuş ərazilərdəki dağ-mədən sənayesinin bərpasında Türkiyə şirkətləri xüsusi fəallıqla iştirak edirlər. Belə ki, "Eti Bakır" A.Ş. və "Artvin Maden" A.Ş. ilə Qaşqaçay, Elbaydaş və Ağduzdağ filiz yataqlarının kəşfiyyatı, tədqiqatı, işlənməsi və istismarı üzrə razılaşma əldə olunub.
Eləcə də oxuyun:
* Britaniya şirkətinə "Vejnəli" yatağının istismarına icazə verilib
* Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib
* "Satanda baha satırlar, alanda su qiymətinə götürürlər" - Qızıl bazarında vəziyyət