SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Ermənistana qarşı şikayətinə qarşıdakı illərdə baxılacaq

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, siyasi cəbhədə təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkmişik.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzündən irəli gələn beynəlxalq hüquqlarının pozulmasına görə beynəlxalq məhkəmələrdə iddialar qaldırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat üçün keçirdiyi brifinqdə deyib.
Nazir müavini bildirib ki, bu faktlar bir neçə beynəlxalq konvensiyaların əhatə dairəsinə aiddir: "Hər bir məhkəmə konkret bir konvensiya çərçivəsində şikayətlərə dair qərar vermə səlahiyyətinə malikdir. Buna görə də Azərbaycan bir neçə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalardan irəli gələn şikayətlər qaldırıb".
O qeyd edib ki, Azərbaycanın ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Haqları Məhkəməsi olub: "Biz siyasi cəbhədə təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkmişik. Bununla bağlı bu ilin fevral ayında şikayət etmişik. Bu şikayətimizə Avropa məhkəməsində qarşıdakı illərdə baxılacaq".
Xatırladaq ki, bu şikayət həm Azərbaycan, həm də Ermənistanın tərəf olduğu 1950-ci il Avropa konvensiyası əsasında irəli sürülüb. Şikayətdə Birinci Qarabağ müharibəsi, işğal dövrü, Vətən müharibəsində Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti əksini tapıb.
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiasını təmin edib
Ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərar verib.
Məhkəmənin qərarına əsasən, Ermənistan dövləti azərbaycanlılara qarşı etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görməlidir.
Bunu məhkəmənin sədri Coan Donohyu deyib.
“Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır”, - məhkəmə sədri qeyd edib.
Həmçinin məhkəmə hər iki tərəfi vəziyyətin pisləşməsinə gətirə biləcək istənilən addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”, Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.
Ermənistan sentyabrın 16-da BMT məhkəməsinə müraciət edərək Azərbaycanın guya ermənilərə qarşı irqi ayrı-seçkilik etməsinə görə iddia qaldırmışdı. Bundan bir həftə sonra isə Azərbaycan qarşılıqlı iddia ərizəsini Haaqadakı məhkəməyə tədim etdi.
Eləcə də oxuyun:
* Rəsmi Bakıdan Ermənistana qarşı iddia üzrə BMT məhkəməsinin qərarına reaksiya
* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara
* Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?