BAKI, 7 dekabr — Sputnik. Rejissor Amil Amalın "Titrəmə" filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği"nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatlarının həyata keçirdiyi Beynəlxalq kateqoriyada "Ən yaxşı qısametrajlı bədii film" mükafatına layiq görülüb. Filmin quruluşçu rejissoru və ssenaristi Amil Amalın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film dram janrında lentə alınıb. "Titrəmə" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunub.
Rejissor Amil Amal
© courtesy of Amil Amal
Rejissorun bildirdiyinə görə, filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir: "Bədəninin bir parçasını itirən əsgər tibb məntəqəsində hərbi həkim tərəfindən müalicə olunur. Əsgər daim titrəyir. Həkim bütün vasitələri axtarır, amma heç nə ona kömək etmir. Əsgərin titrəməsi dayanmır. Qar yağarkən əsgərin titrəmələri daha da güclənir. Daha sonra həkim anlayır ki, əsgərin titrəməsi fiziki deyil, psixolojidir və yalnız bundan sonra titrəmənin sirri açılır. Böyük sarsıntılar keçirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur".
Filmin rejissoru bildirb ki, ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb. Filmdə əsas rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırıb. Filmin digər ssenari müəllifləri Aqşin Evren və Ayşad Səfərəlidir. Cəmil Quliyev və Müşfiq Hətəmovun prodüserliyi ilə lentə alınan filmin təsvir rejissoru Əli Sultanov, Montaj isə Amil Amala və Asif İsgəndərliyə məxsusdur.
Filmin bədii rəhbəri Cəmil Quliyevdir.
Onu da bildirək ki, , Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği"nin (SETEM) təşkilatçılığıı ilə keçirilən festivalın mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutub. Sözügedən festivalda Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan, İtaliya, Suriya, İran, Pakistan, Hindistan, Yunanıstan, Əfqanistan kimi ölklərdən 3089 rejissor iştirak edib.
Həmçinin oxuyun:
Yeddi milyon manat azdır - deputatlardan xahiş