"Atlantic Council" Analitik Mərkəzi Rusiya və ABŞ prezidentlərinin sabaha, dekabrın 7-nə təyin olunmuş videorabitə vasitəsilə danışığı ərəfəsində Bayden üçün bütöv bir ssenari yazıb. Danışıqlar prosesində nə təklif olunmalı, nə ilə təhdid etməli, qamçı və pryanik, bir sözlə, hamısı bir arada. Son illər Co Bayden virtuoz şəkildə telesuflyordan istifadə etməyi öyrənib və "Atlantic Council"ın sözügedən məqaləsi onun üçün şparqalka rolunu oynaya bilər.
Birincisi - Rusiya ümumiyyətlə Ukraynanı "təhdid etməkdən" əl çəkməlidir. Bunun ruscaya tərcüməsi: Moskva Ukrayna ərazisində Amerika və Böyük Britaniya hərbi bazaları və gizli bioloji laboratoriyalarının qurulmasına, amerikalıların ora sənaye miqyasında "Javelin"lər göndərməsinə və hətta NATO üzvü olan bir çox ölkələrin belə çəkindiyi hərtərəfli hərbi əməkdaşlıq yaratmasına passiv münasibət göstərməlidir.
Buna paralel olaraq Rusiya Ukraynanı fasiləsiz şəkildə təbii qazla, kömürlə və bu ölkənin ehtiyacı olan başqa enerji mənbələri ilə təchiz etməlidir. Əks halda, bu, karbohidrogenlərlə hərbi şantaj kimi qiymətləndiriləcək. Ukrayna NATO-ya daxil olarsa, Moskva bunu təsdiqləməli, ya da ən azından susmalıdır. Bu, yaxşı, məqbul, "heç kimi təhdid etməyən" hərəkət olar.
Əgər Rusiya bütün bunlarla razılaşarsa, ABŞ Minsk razılaşmalarının həyata keçirilməsində şəxsən iştirak edəcəyinə söz verir. Ancaq bu, heç də Minskdə imzalanmış, Almaniya və Fransanın zəmanət verdiyi razılaşma olmayacaq.
Əgər Rusiya Minsk razılaşmasının Amerika versiyasına qol qoysa, Vaşinqton Kiyevə daha az silah tədarük etmək, Rusiya üzərindəki sanksiyaların bir qismini götürmək və Moskva ilə NATO arasındakı münasibətləri qaydaya salmağa söz verir ki, bu da Rusiyanın alyansın şərqə tərəf genişləndirilməsi ilə bağlı narahatlığını azaldar.
Bütün bunlar, təxmin etdiyiniz kimi, amerikalı tərəfdaşlarımızın bizə təklif etdikləri pryaniklərdir. Ancaq Rusiyanın "cilovlanması" konsepsiyasının müəllifləri qamçını da əllərində saxlayırlar. Çünki onların Rusiyanın bu şərtlərlə razılaşmayacağına dair əsaslı şübhələri var.
Əgər Rusiya bu şərtləri yerinə yetirməkdən imtina etsə, Ukraynanın silahla təchizatına davam edəcəklər. Siyahıda isə "Javelin"lərdən başqa, hava və sahil mühafizə sistemləri, elektron müharibə sistemləri və vasitələri, əks-artilleriya və batareya əleyhinə radarlar da var. NATO qüvvələri rotasiya əsasında Ukraynada mövcud olacaq, Rusiyanın "cilovlanması" məqsədilə Ukrayna ordusuna təlim keçilməsi NATO-nun 2022-ci il strategiyasının prioritetinə çevriləcək. Fransa və Almaniyanın bu barədə nə düşündüklərinin isə heç bir əhəmiyyəti yoxdur.
Uzunmüddətli planda Rusiyanı uydurma "təcavüzkarlığına" görə sanksiyalarla boğmaq da var. 2014-cü ilin sanksiyalar paketinin də, 2019-cu ilin "cəhənnəm sanksiyaları"nın da Rusiyanın siyasətini dəyişdirmədiyi barədə düşünmək üçün vaxtları olub.
Yeni iqtisadi tədbirlərə "Qazprom" və onun törəmə şirkətlərinin maliyyələşdirilməsinə qoyulacaq qadağa da daxildir – bununla belə, Avropaya qaz tədarükünü tamamilə kəsmədən. Eləcə də, "Rosneft"in törəmə şirkətlərinə qarşı daha geniş maliyyə səhmləri – amma yenə də təchizatı tam bloklamadan. "Surqutneftegaz" və "Novatek"in güzəştə getməsi də təklif olunur.
Rusiyanın dağ-mədən sənayesi və metallurgiya sənayesi hələ istənilən miqyasda sanksiyalarla əhatə olunmayıb. "Atlantic Council" "Evraz" və "Alros", eləcə də Rusiyanın ən böyük sığorta şirkəti olan "Soqaz" və yükdaşıma şirkəti "Sovkomflot"a da diqqət yetirməyi təklif edir.
Və əlbəttə ki, "Şimal axını-2". Amerikalıların fikrincə, bu layihə bütün dövrlər üçün "pis ideya" olub, indi isə Rusiyanın "cilovlanması" məsələsi Almaniyadan qaz kəmərinin işinə moratorium qoymağı tələb edir.
Eləcə də yenidən Rusiyanı SWIFT maliyyə sistemindən kənarlaşdırmaq ideyası ortaya atılıb.
"Bu mövzu əvvəlki kimi gündəmdədir və bu, son vasitə olacaq", – deyə Amerikanın Kiyevdəki keçmiş səfiri Con Herbst vurğulayır.
"Bəli, sanksiya prosesi bəzi Avropa şirkətləri üçün ağrılı ola bilər. Bununla belə, Putin aqressiyasına qarşı durmaq və vahid trans-Atlantik toplumu kimi birgə səy göstərmək Kremlin qarşısının alınmasının ən yaxşı üsuludur", – deyə amerikalı analitiklər etiraf edirlər.
"Birgə səy göstərmək" – "Atlantic Council"ın ən çox təkrarladığı ifadələrdəndir. Bununla amerikalılar siyasi autizmin çox yüksək, demək olar ki, müalicəyə tabe olmayan səviyyəsində olduqlarını təsdiqləyirlər. ABŞ-ın müttəfiqləri Fransa və Almaniya Ukraynanın NATO-ya üzv olmasını istəmirlər. Avropalılar Rusiya təbii qazının kəsilməsindən və Rusiyadan çox onların iqtisadiyyatına zərər verən səfeh sanksiyalar ucbatından əziyyət çəkmək istəmirlər. Və heç kim – nə avropalılar, nə amerikalılar, hətta ukraynalılar belə - Vaşinqtonın komandası altında döyüşmək niyyətində deyil.
Yumor səhifəsi. Avropalı müttəfiqlərinə öz sıralarını gücləndirməyi, Kremlə isə qonşu ərazilərdən "sui-istifadəni" dayandırmağı əmr edən amerikalı analitiklər nəhayət Ukraynanı da yada salıblar. Onların təlimatlarında ukraynalılara "öz suverenliklərini gücləndirmək, oliqarxları sıradan çıxararaq ruslar üçün ilham mənbəyinə və putinizmə təsirli meydan oxuyacaq azad, firavan Ukrayna qurmaq" tapşırılıb.
Son otuz ildə əhalisinin yarısını itirmiş, bütün sərvətlərindən məhrum olmuş, Afrika yoxsulluq səviyyəsinə düşmüş, vətəndaş müharibəsindən, zərbələrdən, korrupsiyadan əziyyət çəkən, siyasi terrora, təbii faşizmə bulaşmış, suverenlikdən məhrum olmuş bir ölkə – əcəb ilham mənbəyidir.
Rusiya 7 dekabra tamamilə əks göstəricilərlə gedir. Bizim qırmızı xətlərimiz kifayət qədər aydın cızılıb. Ukrayna NATO üzvü olmamalıdır. Onun ərazisində üçüncü bir ölkənin genişmiqyaslı hərbi mövcudluğundan söhbət gedə bilməz. NATO ümumiyyətlə bundan sonra şərqə tərəf genişlənməməlidir və bizə bunun yazılı zəmanəti lazımdır, çünki məlum olduğu kimi, tərəfdaşlarımız bütün şifahi razılaşmaları unutmağa üstünlük verirlər.
Rusiya və Amerika prezidentləri mövqelərini müəyyən qədər yaxınlaşdırmağa nail ola biləcəklərmi? Bu məsələ sual altındadır. Onların Cenevrədəki görüşü qaçılmaz qarşıdurmanı bir qədər yubatmaqdan başqa heç nə vermədi.
Co Baydenə xas spesifik danışıq manerası da xüsusi çətinlik törədir. O, belə demək mümkündürsə, heç də həmişə düşündüyünü dilə gətirmir və heç də həmişə dediyini eləmir. Buna gözəl bir nümunə: Oktyabrda Bayden bildirmişdi ki, əgər Çin Xalq Respublikası hücuma keçərsə, ABŞ Tayvanı müdafiə edəcək.
Bu, yumşaq desək, gözlənilməz idi. Vaşinqton 1979-cu ildən bəri öz üzərinə Tayvanı müdafiə vasitələri ilə təchiz etmək öhdəliyi götürsə də, bu ölkə ilə münasibətlərində həmişə "strateji ikimənalı" prinsipə əsaslanıb. Başqa sözlə, ABŞ prezidentləri heç vaxt Çinlə Tayvan uğrunda vuruşacaqlarına söz verməyiblər.
Ağ Ev dərhal bəyan etdi ki, Baydenin açıqlaması Amerikanın xarici siyasət kursunun dəyişdiyi mənasına gəlmir. Analitiklər izah etdilər ki, prezident bunu nəzərdə tutmayıb. Və guya bu, onun məşhur səhvlərindən (gaffe) biridir.
Gözləmək? Axı Tayvan dünyanın ən qaynar (Ukraynadan sonra) nöqtələrindən biridir. Amerika siyasi rejimi adanı silahla dolduraraq Çin təcavüzü ilə bağlı tarixi təbliğat aparır.
Ukrayna məsələsində olduğu kimi, Çinə də heç bir təcavüz lazım deyil. Çində tamamilə əmindirlər ki, əvvəl-axır soydaşları ilə dinc yolla birləşəçəklər. Ancaq amerikalılar Ukraynanı Rusiyanın üstünə saldıqları kimi Tayvanı da Çinə qarşı qızışdırırlar. Tayvanlılar da indi eynilə ukraynalılar kimi xarici pasportlarını yoxlayıb dollarlarını ciblərinə dolduraraq ölkədən qaçmağa hazırlaşırlar. Hər iki ölkə eyni şəkildə "ikinci Əfqanıstan" olmaqdan qorxur. Hər iki ölkədə ABŞ-ın onlardan Rusiya və Çinə qarşı irimiqyaslı sanksiyalar tətbiq etmək üçün istifadə edəcəyi, onlarla birlikdə bir qədər döyüşəcəyi və sonra onları taleyin ixtiyarına buraxacağına dair qeyri-müəyyən fikir formalaşıb.
Amerikalılar yanvar-fevral aylarında Rusiya və Çinin eyni anda Ukrayna və Tayvana hücuma keçəcəyi məsələsini ciddi şəkildə müzakirə edirlər.
Aydın məsələdir ki, qorxuya düşmüş tayvanlılar Baydenin hər dediyinə qulaq verir, amerikalıların onları tək qoymayacaqlarına inanırlar. Və budur, Amerika onlara dəstək vəd edir, özü də ictimaiyyətin qarşısında. Ancaq elə ertəsi gün Ağ Ev bəyan edir: yox, uşaqlar, siz düz başa düşməmisiniz, o, sadəcə, zarafat eləyib.
Belə qeyri-sabit fikirli kontragentlə danışıqlar müəyyən çətinliklər yaradır. Vladimir Putinin mövqeyinin gücü isə ondadır ki, o, əksər rusların, ukraynalıların, amerikalıların və ümumiyyətlə, Yer kürəsinin bütün əhalisinin fikrini ifadə edir. Bizə müharibə lazım deyil. Bizə dinc, qarşılıqlı səmərəyə və inkişafa əsaslanan əməkdaşlıq lazımdır. Və bu əməkdaşlığa yazılı şəkildə zəmanət verilməlidir, nə olar, nə olmaz.