101 il sonra... soyuq Soçidə
Aşqabad isti, Soçi soyuq şəhərdir. Amma baxır kim üçün. Məsələn, Paşinyan üçün Soçidə - bu soyuq kurort şəhərində də isti idi. Putinlə salamlaşarkən əlinin tərini şalvarına sürtməsi Paşik üçün Soçi görüşünün nə qədər ağır keçdiyini təsdiqlədi. İlham Əliyev üçün isə fərqi yox idi. Kreml və Bakının mövqeyi sinxronluq təşkil edirdi. Azərbaycan Prezidenti Soçi görüşünün nəticəsini - Zəngəzur dəhlizinin reallığa çevrildiyini ötən həftə isti Aşqabadda elan etdi.
Təsadüfə baxın, elə ötən həftə Zəngəzurun Ermənistana verilməsindən 101 il ötürdü. 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulmuşdu, bundan cəmi bir gün sonra Bakıda Azərbaycan KP Moskvadan verilən tapşırıq əsasında Zəngəzurun Ermənistana verilməsi barədə qərar qəbul etdi. İndi böyük qayıdış reallaşır – Zəngəzur dəhlizinin bərpası ilə türk coğrafiyası yenidən birləşir. Bu barədə İstanbul Zirvə görüşündə də anons edilmişdi.
Ağ evin qara üzü
ABŞ Qarabağ məsələsinin ondan xəbərsiz həllini həzm edə bilmir. "Demokratiya Həftəsi"nə də regional məsələni həll edən üçlük – Rusiya, Türkiyə və Azərbaycan dəvət olunmayıb. Amma beynəlxalq təşkilatların qeyri-demokratik adlandırdığı, işğalçı və terrorist Ermənistan orda olacaq. Həftənin ciddiliyi ABŞ-ın seleksiyasından bilinir – İraq, Konqo, kasta rejiminin hələ də qorunduğu Hindistan və s. Ağ Evin çətiri altında keçirilən masada əyləşəcəklər. Avropa Birliyinin üzvü olan Macarıstan isə yox. İllərdir dünyanın dördbir yanına raketləri ilə bədbəxtlik daşıyan ABŞ-ın indi özünü "demokratiya müəllimi", insan hüquqlarının qayğıkeşi kimi aparması paradokslar tamaşasına bənzəyir.
Kimsə bir dəfə yazmışdı ki, ABŞ-ın irqi ayrıseçkiliyi elə prezidentin oturduğu binanın adından başlayır: Ağ Ev. Ağların evi var, qaraların isə yox...
Qara kənd və Qaraheybət
Bu həftə bizim üçün qara bir hadisə var idi. 1990-cı ilin 20 noyabrında Xocavəndin Qarkənd ərazisində baş verən faciə yenidən təkrarlandı. 14 yüksək rütbəli hərbçimiz noyabrın 30-da vertolyot qəzasının qurbanı oldu. Təsadüfə bax, yenə qara – "Qaraheybət" aviasiya poliqonu!
DSX 44 günlük müharibənin gedişində heç bu qədər yüksək rütbəli zabitini itirməmişdi...
Bir ordu üçün, bir dövlət üçün ağır itkidir... Heç şübhəsiz, ailələri üçün isə daha ağır. Türkiyədə şəhid anasının bir sözü var idi, təpədən dırnağa qədər adamı incidən cavab: Nə qədər ki, halva sizin evinizdə bişmir, şirindir...
Laçın 1 yaşında
Ötən həftə Laçının işğaldan azad edilməsindən bir il ötdü. Rayonun azad olunması Azərbaycanın hərbi-siyasi qələbəsinin nəticəsi idi. Döyüş meydanında paramparça olan düşmən təslim aktını imzalamalı oldu və bu sənəd həm də Ağdam, Kəlbəcər və Laçının boşaldılmasını özündə ehtiva edirdi. Beləliklə, 1 il öncə Laçın yenidən doğuldu.
Ötən ilin mayında doğulduğum Güləbird kəndində olanda kəndi bir qədər gəzmək imkanımız oldu. Gəzdikcə ermənilərin yaşadığı evləri də gördük və bu evlərə baxdıqda bir daha anlayırsan ki, işğalçının Laçını qaytarmaq planı olmayıb, burda yaşayanlar özünə hər şərait qurub, bəzi evlər təmir olunub, yeni su xətləri çəkilib.
Doğrudur, kəndin bir hissəsi xarabaxanaya dönmüşdü, - məsələn, bizim evimiz dağıdılmış, həyətindəki ağaclar kəsilmişdi, Sarı Aığın abidəsi, kəndin mədəniyyət evi, kitabxanası, digər iaşə obyektləri yerlə bir edilmişdi, ancaq məsələn, babamgilin məhəlləsində salamat evlər, təsərrüfat izləri var idi... bizim izlərimizi isə silmək istəmişdilər, ancaq mümkün olmamışdı. 28 il sonra həmkəndlimiz Vüqar İmanov bir vaxtlar Sarı Aşığın məqbərəsi üçün düzəltdiyi özü adını yazdığı, Sarı Aşğın portretinin əks olunduğu əl işini tapa bilmişdisə, deməli, izlərimizi silmək mümkün olmamışdı...
"Omikron" ştammı
Deyəsən, ÜST rəhbəri demişdi ki, ştammların sayı o qədər arta bilər ki, latın əlifbasının hərfləri onları adlandırmağa bəs etməz.
Yeni ştamm – "Omikron" indi dünyanı bürüməyə davam edir. Britaniyalı alimlər hesab edir ki, koronavirus azı 2026-cı ilə qədər ciddi təhlükə yaradacaq. ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci də "şad xəbər" verib: "Yeni ştamm bütün dünyaya yayılacaq".
Sumqayıt Bələdiyyəsinin "bir pəncərəsi"
Vətəndaşları və əməkdaşları koronavirusdan qorumağa çalışan Sumqayıt Bələdiyyəsi isə unikal metod tətbiq edir. Ötən həftə mediada yayılan məlumatlardan belə aydın olurdu ki, qurum vətəndaşları pəncərədən "qəbul edir". Baxmayaraq ki, qışdır və məlumdur ki, çöldə temperatur aşağıdır.
Hər halda, Sumqayıt Bələdiyyəsinin bu "bir pəncərə" sistemi öyrənilməli, sosial məsafənin təmin olunmasının innovativ həlli kimi bütün dünyada tətbiq olunmalıdır.
Yeni aclıq dalğası
Koronavirusun insan orqanizmində fəsadları hələ tibb elmi üçün tam aydın deyil. Ancaq qlobal aclığı artıracağı dəqiqdir – artıq bu, baş verir. BMT-nin məlumatına görə, dünyanın 43 ölkəsindən 45 milyona yaxın insan aclıq problemi ilə üzləşə bilər. 2022-ci ildə dünyada ümumilikdə 274 milyon insan təcili yardım və müdafiə ehtiyacı ilə üzləşəcək ki, bu da ötən illə müqayisədə 17% çoxdur.
Həmçinin oxuyun:
Helikopter qəzası, NATO təlimləri və dünyanın gözlədiyi sammit - həftəlik icmal
Prezidentin köməkçisi Soçi görüşü barədə: Azərbaycan tərəfindən müsbət qiymətləndirilir
Politoloq: Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur