BAKI, 6 dekabr — Sputnik. Gənclər və idman nazirinin yeni müavini Mariana Vasilyeva təyinatı barədə açıqlama verib. Sputnik Azərbaycan-ın məlumatına görə, bolqarıstanlı mütəxəssis Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib:
"Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.
Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram.
Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam".
Qeyd edək ki, M. Vasilyeva nazir müavini təyin edildikdən sonra sosial şəbəkələrdə onun erotik rəqs görüntüləri paylaşılıb. Sosial şəbəkə istifadəçiləri gənclər siyasətini müəyyən edən dövlət qurumuna belə şəxsin rəhbərliyə təyinatını qınamışdılar.
M.Vasilyeva 2008-ci ilin noyabrından Azərbaycanın bədii gimnastika millisinin baş məşqçisi işləyib. 2013-cü ildə Azərbaycanın əməkdar məşqçisi adını alıb. 2015-ci ildə millinin Birinci Avropa Oyunlarında uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri diplomuna layiq görülüb.
Vasilyevanın məşqçiliyi ərzində Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında müxtəlif mükafatlar qazanıb.
Eləcə də oxuyun: