CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"

Vəzifəli şəxslər adətən Füzuli Cavadovla uçmağa üstünlük verərmişlər, çünki yüz faiz arxayın olublar ki, mənzil başına sağ-salamat çatacaqlar
Sputnik
BAKI, 6 dekabr - Sputnik. Noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri təlim uçuşları həyata keçirərkən qəzaya uğrayıb. Faciəvi hadisə zamanı 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Sputnik Azərbaycan-ın əməkdaşı qəzada həlak olan şəhidlərdən birinin - helikopterin pilotu Füzuli Cavadovun ailəsində olub.
Bakıdan çox uzaqda, Zirə qəsəbəsindəyik. Başımızın üstündə şanlı üçrəngli bayraq dalğalanır. Ətrafı sükut bürüyüb. Əfsanəvi pilot olan Füzuli Cavadovun gedişi sanki özü ilə bu ailənin ruhunu, həyatını da qoparıb aparıb. Şəkər xəstəsi olan yaşlı anası və həyat yoldaşı üçün Füzuli Cavadov haqda danışmaq çətin olduğundan qəhrəmanımızın qardaşları - Namiq və Tərlan Cavadovlar, qardaşı qızı Fatimə Cavadova ilə görüşüb, söhbətləşirik.
Öyrənirik ki, ailə bir həftə ərzində ikinci dəfə böyük itki yaşayıb. Qardaşlar atalarının yeddi mərasiminə hazırlaşarkən böyük qardaş Füzuli Cavadovun da helikopter qəzasında həlak olması xəbərini alıblar. Namiq Cavadov deyir ki, onlar ailədə 4 qardaş olublar:
"Hərbçi idi, çox şeyi danışmasa da, son baş verən hadisələrlə bağlı bircə onu deyirdi ki, səbr eləyin, Qarabağda bir erməni də qalmayacaq. İşinin fanatı olduğundan, adətən ailəvi məclislərdən də geri qalırdı. Onunla söhbət eləməkdə çətinlik çəkirdim. Çünki elə bir sahə yox idi ki, o barədə məlumatlı olmasın. Şeir, söz-sənət vurğunu idi. Tarixi gözəl bilirdi. Məncə, onun yoxluğu tək ailəmiz üçün yox, elə kəndimiz üçün də böyük itkidir. Hələ də bu hadisənin baş verməsinə inanmıram, gözüm yoldadır, deyirəm ki, bəlkə, qayıdıb gəldi".
Pilot Füzuli Cavadovun fotosu
Ali təhsil almadan tələbə yetişdirmək
Ali təhsili olmasa da, təcrübəsi ilə hər zaman fərqlənən Füzuli Cavadov kifayət qədər pilotun yetişməsində böyük rola malik olub:
"Qardaşımın ümumiyyətlə ali təhsili yox idi, o zaman atam etiraz etmişdi, Füzulini ali təhsil almağa qoymamışdı. Bütün bunlar, baş verənlər isə taleyin yolu, bir qismətidir. O, ötən əsrin 90-cı illərində Qalada hərbi hissədə işə düzəlmişdi. 90-cı illərədək pilotların əksəriyyəti ruslar idi, dövr dəyişdiyindən kadr çatışmazlığı problemi yaranmışdı. Bu problemi həll etmək üçün ikiillik pilot kursları açıldı. Füzuli də onda sevinə-sevinə həmin kurslara yazıldı. Özünün də yetişdirdiyi çoxsaylı pilotlar olub. Ali savadı olmayan bir insanın bu qədər tələbəsinin olması özü də qeyri-adi istedaddır. Eskadrilyanın rəisi olanda 135 zabiti vardı".
Vəzifəli şəxslər onunla uçmağa üstünlük verirdi
Tərlan Cavadov deyir ki, Füzuli pilot kimi I Qarabağ müharibəsində də iştirak edib, müxtəlif döyüş əməliyyatlarını icra edib:
"1990-1991-ci illərdə Milli Orduda olub. Təqaüdə çıxdıqdan sonra isə 2011-ci ildə Sərhəd Qoşunlarına dəvət olunub. Orada da Sərhəd Qoşunlarının Hərbi Hava Qüvvələrinin baş inspektoru olub. Təxminən 10 aydan sonra ona polkovnik rütbəsi verilib. Bir neçə ay öncə də Sərhəd Qoşunlarında aviasiya rəisi təyin olunub. Füzuli II Qarabağ müharibəsi dövründə döyüş təyyarələrinin komandiri olub. O, aprel döyüşlərində də iştirak edərək həddən çox döyüş tapşırıqlarını icra etmişdi. Neçə illər eskadrilya komandiri olub. Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş inspektoru vəzifəsində çalışıb. Vəzifəli şəxslər adətən onunla uçmağa üstünlük verərdilər, çünki yüz faiz arxayın idilər ki, mənzil başına sağ-salamat çatacaqlar".
Pilot Füzuli Cavadovun qardaşları Namiq və Tərlan Cavadovlar
"Elçin müəllim, hamı bizə dəstək oldu, dəyər verdi, təsəlli verdilər, sağ olsunlar. Yas mərasiminə yetişdirdiyi pilotlar gəlib uşaq kimi göz yaşı tökürdülər. Bu da yəqin ki, sevginin nəticəsidir", - şəhidin qardaşı deyir.
F.Cavadov müharibədən bir neçə gün öncə təmirdə olan helikopteri təhvil almaq üçün Rusiyanın Saratov şəhərinə yola düşüb. Bu müddətdə müharibə başlayıb, yollar bağlandığından F.Cavadov bir qədər ləngiməli olub. Sonradan isə müharibənin sonunadək müxtəlif döyüş əməliyyatlarında iştirak edib:
"Ümumiyyətlə, o, adətən döyüşlərdə iştirak etdikdən bir müddət sonra biz onun vuruşduğunu bilirdik. Öncədən bizə döyüşlərlə bağlı heç bir məlumat vermirdi".
Qardaşı Tərlan bəy deyir ki, Füzuli Cavadovda uşaqlıqdan hərbə, döyüş təyyarələrinə maraq olub: "Anamın dediyinə görə, o, uşaqlıqdan hər zaman bir döyüş taktikası yaratmağa maraqlı olub. Özündən evdə müxtəlif döyüş planları cızıb, digər qardaşlarımla oynayırdı. Döyüş təyyarələri, helikopterlərinə də marağı olub".
O, uşaqlarla zaman keçirməkdən zövq alırdı, onları təhsilə meylləndirirdi. Bu haqda isə qardaşı qızı Fatimə Cavadova danışır. Deyir ki, əmisi ona hər zaman tarixi daha dərindən oxumağı tövsiyə edib:
"Onun haqqında danışmaq çox ağırdır. Yəqin ki, bu acı bizimlə bir ömür boyu yaşayacaq. Əmi bizim fəxrimiz, canımız idi. Məni hələ körpə olandan bir başqa cür istəyirdi. Həmişə deyirdi ki, 4 tip döyüş helikopteri var və mən hamısını idarə edə bilirəm. O, mənim üçün bir əfsanə idi. Tarixi çox gözəl bilirdi və hər zaman da deyirdi ki, tarixi yaxşı bilin. O, türk xalqının, türk ordusunun tarixinin, ədəbiyyatının vurğunu idi".
Pilot Füzuli Cavadovun medalları
Atatürkü xatırlayıb hönkürmək
N.Cavadov deyir ki, Füzuli Cavadov Atatürk vurğunu idi: "Füzuli Mustafa Kamal Atatürkün vurğunu idi, onun idarəetmə sistemi ilə maraqlanardı. O, Atatürklə bağlı bir hekayəni danışarkən, özü də hönkür-hönkür ağlamışdı. Deyirdi ki, bir gün yenicə gələn əsgərlərdən biri Atatürkün qarşısına keçərək etiraz edir, bildirir ki, onu ön cəbhədə vuruşmağa aparmırlar. Həmin əsgər "Mən də öndə vuruşub şəhid olmaq istəyirəm" deyir. Qardaşım bu hekayəni bizə nəql edə-edə "istəyə, arzuya bax" deyib hönkür-hönkür ağlamışdı. Türkiyədə təhsil alıb gələn pilotlara heyrətlənirdi, deyirdi ki, gör bu adamların psixologiyasını necə dəyişir, vətənpərvərlik hissini gücləndirirlər".
Namiq Cavadov deyir ki, qardaşının ölüm xəbərini evdə ikən, elə Füzuli Cavadovun qızından alıb: "Həyətdə idim, qızı zəng etdi ki, “Atamın helikopteri qəzaya uğrayıb, yaralıdır”. Özüm 30 ildir ki, aviasiyada çalışdığım üçün artıq vəziyyətin nə yerdə olduğunu başa düşmüşdüm. Sözü belə deyirlər, birbaşa həlak olub demirlər. Artıq başa düşürdüm ki, qardaşım getdi. Qızı isə təbii ki, istəmirdi son ümidini də öldürsün. Düşünürdü ki, atası yaralıdır. Qardaşımın meyiti tamamilə yanmışdı. Meyiti tanımaq üçün digər qardaşımı dəvət etdilər. O deyirdi ki, Füzulinin bədəni tamamilə yanmışdı. Bizdən DNT analizi də götürmüşdülər. İsrar etdilər ki, qardaşım II Fəxri Xiyabanda dəfn edilsin, amma anam kəndimizdə dəfn olunmasını istədi. O, burada, kəndin öz şəhidlərinin dəfn olunduğu yerdə torpağa tapşırıldı. Elə atam da həmin qəbiristanlıqda dəfn olunub".
Pilot Füzuli Cavadovun medalları və fotoları
Xiyabandakı dördüncü məzar ona nəsib oldu
Füzuli Cavadov bir müddət öncə haqqında danışdığı yerdə dəfn olunubmuş: "Kənddə belə bir adət var ki, biz hər həftənin cümə axşamları qəbiristanlığa gedib, ölənləri ziyarət edirik. II Qarabağ müharibəsində kəndimizin 3 şəhidi olmuşdu. Orada iki şəhid yanaşı, biri isə o məzarların düz arxasında, təkcə dəfn olunmuşdu. “Üçüncü şəhidi niyə belə basdırıblar ki, burada dördüncü üçün yer qalıb. Bunu niyə belə ediblər,” - deyə məndən soruşurdu.
“Allah bilir, görəsən, bu yer kimə qismət olacaq”, deyirdi. Həmin yer elə Füzulinin özünə qismət oldu. Bu, ağla gələn bir fikir deyildi. O üçüncü şəhidlə də Füzulinin həyat yoldaşı qohum idilər. Şəhid Samirin həyat yoldaşı ilə Füzulinin həyat yoldaşı doğma əmiqızıdırlar".
Son görüş, son vida isə xüsusən Tərlan Cavadovun içində böyük bir narahatlıq oyadıb: "O, adətən işə gedəndə səhər ali məktəb üçün şəhərə gedən bütün qardaş uşaqlarını da yığıb özü ilə aparardı. Bu dəfə də belə olmuşdu. Sonuncu dəfə səhər yeddidə evdən çıxanda özüm onu yola saldım. İlk dəfə idi ki, mənə maşından əl edib, sağollaşdı. İnanın, həmin anda sanki ürəyimə nəsə damdı, pis bir şey baş verəcəyini hiss etdim. Öz-özümə də dedim ki, qardaşım sağollaşanda heç zaman əl eləməzdi".
Namiq Cavadov onunla sonuncu görüşün ataları üçün keçiriləcək yas mərasiminə hazırlaşarkən olduğunu deyir: "Atamın ölümünün bir həftəsi tamam olacaqdı. Axşamdan hazırlıqlar görürdük. O da gəlib baxıb, yeri düz-qoş etdi. Sonra başım ağrıyır deyib yatmağa getdi. Elə onunla sonuncu danışığımız bu oldu".
Pilot Füzuli Cavadovun medalları və fotoları
Bu xəbəri ağır şəkər xəstəsi olan anaya, Füzuli Cavadovun həyat yoldaşına çatdırmaq isə ən çətini idi. Qardaşların sözlərinə görə, Füzuli Cavadovun qızı anası və nənəsinin qarşısına keçərək qürur hissi ilə atasının şəhid olduğu xəbərini çatdırıb. Qardaşların dediyinə görə, o, daha çox nəvələri ilə nəfəs alardı, arzuları çox idi, onların təxminən 90 faizi ürəyində qaldı.
O, əfsanəvi pilot idi, ələlxüsus da qardaşı övladları üçün bir əfsanə idi. Qardaşı qızı Fatimə isə Füzuli Cavadovun əziz xatirəsinə həsr olunmuş bu yazıya "Əfsanəvi Füzuli Cavadov" başlığını verməyimizi istədi...
Allah bütün şəhidlərə rəhmət eləsin!

Həmçinin oxuyun:

Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
"Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkdi
Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı