BAKI, 2 dekabr — Sputnik. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməlidir.
Vida etməyin bir addımlığında
Qeyd edək ki, niyabrın 14-də Azərbaycan millisi bu il üçün son oyununu keçirib. Yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Bunadək ardıcıl 4 matçda üç qol buraxmaqla uduzan millimiz Bakı Olimpiya Stadionuna müsbət nəticə ümidi ilə başlayıb.
Lakin italiyalı mütəxəssis Canni de Byazi üçün sonuncu ola biləcək görüşdə hesabı qonaqlar açıblar. Müdafiəçilərin kobud səhvindən yararlanan asiyalılar qarşılaşmada ilk qola imza atıblar.
Millimiz fasiləyədək hesabda tarazlıq yaradıb. Yığmada bombardirlik keyfiyyətləri ilə seçilən Emin Mahmudov penaltini dəqiq yerinə yetirib – 1:1.
İkinci hissədə daha bir qol vuran yarımmüdafiəçi yığmamızı hesabda önə çıxarıb. Lakin üstünlüyünü qoruya bilməyən komandamız yekunda heç-heçə ilə kifayətlənib – 2:2. Bununla da 4 oyunluq məğlubiyyət seriyası başa çatan milli 2021-ci ilə sülhlə yekun vurub.
Qeyd edək ki, italiyalı baş məşqçi Qətərlə oyun öncəsi keçirdiyi mətbuat konfransında bunun Azərbaycan yığmasının baş məşqçisi kimi sonuncu mətbuat konfransı ola biləcəyini demişdi.
AFFA ilə Canni De Byazi arasında müqavilə 30 iyul 2020-ci il tarixində bağlanıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ötən il avqustun 10-da Bakıya gəlib. Millimizə böyük uğurlar qazandıracağına söz versə də, bu sözü tuta bilməyib. Millimizi məğlubiyyətdən məğlubiyyətə aparıb.
Həmçinin oxuyun: