BAKI, 29 noyabr — Sputnik. İngiltərə və İsrail İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün gecə-gündüz çalışacaqlar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bildiriblər.
Xarici işlər nazirləri İngiltərənin "Telegraph" qəzeti üçün əsasən İran məsələlərinə aid olan birgə məqalə yazıblar.
"Biz İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz çalışacağıq. Zaman daralır, bu da Tehranın ambisiyalarının qarşısını almaq üçün tərəfdaşlarımız və dostlarımızla sıx əməkdaşlığa ehtiyacı gücləndirir", - deyə məqalədə qeyd edilib.
Nazirlər bildiriblər ki, bazar ertəsi İngiltərə və İsrail kibertəhlükəsizlik, texnologiya, ticarət və müdafiə sahəsində on il müddətinə saziş imzalayacaqlar.
Məqalə İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı danışıqların növbəti mərhələsi başlamazdan əvvəl dərc edilib. Noyabrın 29-dan başlayacaq mərhələ BHFP-nin bərpası və ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqların başlanmasından bəri yeddinci və bu ilin avqust ayında Prezident İbrahim Rəisinin administrasiyasının İranda hakimiyyətə gəlməsindən sonra birinci mərhələ olacaq. Bundan əvvəl Rəisinin sələfləri Vyanada bir sıra müzakirələr aparıblar və bu müzakirələr iyunun 20-də başa çatıb.
Həmçinin oxuyun: