BAKI, 28 noyabr — Sputnik. Otuz yaşlı Həcər Babaşova Saatlı rayonunun Genişkənd ümumi orta məktəbinin ingilis dili müəllimidir. Öncələr tərcüməçi kimi çalışdığından bura onun müəllim kimi ilk iş yeridir. Müəllimlik peşəsinə olan sevgisi onu Bakıdan uzaqlara, ucqar kəndə aparıb.
O, həftənin 10 saatını yollarda keçirir. Həcər Babaşova Sputnik Azərbaycan-a iş həyatından danışır, deyir ki, həftənin üç gününü evdən kənarda, kənddə olur: "Ailədən, uşaqlardan kənar qalmaq çox çətindir. Çünki övladımın biri körpədir, digəri isə ibtidai sinifdə oxuyur. Nəinki mənim, övladlarım üçün də bir-birimizdən ayrı qalmaq çox çətindir".
Həcər Babaşova
© Photo : courtesy of Hecer Babashova
Müəllim deyir ki, aldığı maaşın böyük hissəsini elə yola xərcləyir. Lakin onu ən çox məyus edən valideynlərin övladlarına laqeyd yanaşmasıdır:
"Bakıda valideyn səy göstərir ki, övladı yaxşı təhsil alsın. Ucqar kəndlərdə isə valideynlər, təəssüf ki, övladlarının təhsili ilə maraqlanmırlar. Bu layeydlik məni çox məyus edir".
İşi, yolu çətin və uzaq olsa da, Həcər Babaşova hələ ki bu məktəbdə qalmaq fikrindədir: "Hər kəs istəyər ki, iş yeri rahat olsun, ailəsinin yanında olsun. Şagirdlərimə çox öyrəşmişəm, bu səbəbdən də hələ ki bu məktəbi başqa bir məktəbə dəyişmək istəmirəm. İstəmirəm ki, şagirdlərim yarı yolda qalsınlar. Özləri də deyirlər ki, bütün müəllimlərimiz bizi yarı yolda atıb gedirlər. Yəni müəllimlər buraya gələrək bir qədər işləyir, sonra başqa yerə gedirlər".
Həftədə 16 saat dərs deyən həmsöhbətimizin işinin əziyyəti çoxdur, üstəlik nə özünün, nə də şagirdlərinin maddi durumu əməyindən zövq almağa imkan verir:
"Əmək haqqından əlavə, rayonla kənd məktəbi arasındakı məsafəyə görə ayrıca vəsait ödənilir. Əsəb, stress qazansam da, uşaqların dərsə marağı var. Amma maddi cəhətdən çətin olduğu üçün onlar bəzi əlavə vəsaitləri ala bilmirlər. Bu da təbii ki, bizim dərs keçməyimizdə problem yaradır".
Həcər Babaşova
© Photo : courtesy of Hecer Babashova
Bakıdan Saatlıdakı kəndə gedib işləmək qərarını isə həyat yoldaşı ilə birgə verib: "Ümumiyyətlə, ailəsindən kənarda, başqa bir rayonda işləməyi əksər hallarda həyat yoldaşları qəbul etmirlər. Ata evim orada olmasaydı, təbii ki, belə bir qərar verməyəcəkdim. Bakıda olduğum günlərdə çalışıram ki, övladlarımla daha mənalı zaman keçirim. Xüsusən də məktəbli qızımın dərslərinə çox vaxt ayırıram, çalışıram ki, yaşıdlarından geridə qalmasın. Müəyyən çərçivə daxilində istəklərini həyata keçirsək də, təbii ki, uşaqlar buna qane olmur, onlar əsasən birgə vaxt keçirməməkdən şikayətlənirlər".
Eləcə də oxuyun:
* Güllələr də susarmış... Artıq Tərtər məktəblərinin pəncərələrini atəş səsləri silkələmir