BAKI, 27 noyabr — Sputnik. Koronavirusun yeni aşkarlanan "Omikron" B.1.1.529 ştammı "narahatlıq doğurucu variant" kimi qiymətləndirilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, mövcud PCR testləri koronavirusun bu ştammını aşkarlaya biləcək.
ÜST bu ştammın yoluxuculuq qabiliyyətinin yüksək olduğunu açıqlasa da, mütəxəssislər hələ ki narahatlığa ciddi əsas olmadığını bildirirlər. TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin üzvü, həkim infeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mutasiyalar viruslara xas xüsusiyyətdir. Ona görə də yeni ştammların meydana çıxması gözləniləndir.
F. Sədirov indidən yeni aşkarlanan ştammın yoluxuculuq qabiliyyətinin yüksək olacağını söyləməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, yayılan əksər yeni ştammlar barədə eyni fikir səslənsə də, indiyədək ən aqressivi "delta" ştammı olub. F. Sədirov bildirib ki, bu, yalnız laborator müayinələrin nəticəsində müəyyən olunacaq.
İnfeksionist "Omikron" B.1.1.529 ştammının vaksinlərə qarşı dayanıqlığını da qiymətləndirməyin hələ tez olduğunu açıqlayıb. O bildirib ki, yeni ştammlara qarşı indiyədək "Pfizer"in dayanıqlığı daha yüksəkdir. "Omikron" ştammının vaksinlərə dayanıqlığını müəyyən edən bir tədqiqat isə hələ ki yoxdur.
F. Sədirov bütün ştammlara qarşı müalicədə dəstəkləyici tədbirlərin eyni aparıldığını, yeni müalicə metodu olmadığını bildirib.
Qeyd edək ki, ÜST bu günlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. Hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
İsveçrənin Səhiyyə Nazirliyi isə bəyan edib ki, mövcud koronavirus peyvəndləri yeni "Omikron" ştammına qarşı daha az təsirli ola bilər. Hazırkı peyvəndlərin koronavirusun yeni variantına qarşı daha az təsirli olması ehtimalı var. Həmçinin nazirlikdən yayılan məlumatda "Omikron"un günümüzdə bütün dünyada üstünlük təşkil edən "Delta" ştammından daha ötürücü olduğu qeyd edilib.
"ABŞ-ın "Moderna" şirkəti isə koronavirusun bu yaxınlarda mutasiya edən "Omikron" ştammına qarşı peyvənd üzərində işlədiyini açıqlayıb. Qeyd edilib ki, yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha yaxşı qoruya bilən gücləndirici olacaq. Hazırda sözügedən peyvəndin hazırlanması prosesinin sürətlə aparıldığı vurğulanıb.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: yoluxma sayında artım var, 31 nəfər vəfat edib