CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlər üçün sığorta pulu ödəyib, özləri güzəştsiz qalanlar - Nazirlikdən özəl izah

Nazirlik: "İşsizlikdən sığorta vəsaitləri hesabına da təkcə işsizliyə görə sığorta vəsaitlərinin ödənişi deyil, həm də işsizliyin qarşısının alınması üçün digər məşğulluq proqramlarının icrası və genişləndirilməsi işləri aparılır"
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Hesablama Palatası işləyən pensiyaçıların işsizlikdən sığorta haqlarına cəlb edilməsi istiqamətində müvafiq tənzimlənmənin aparılmasının vacib olması qənaətindədir. "Məşğulluq haqqında" qanuna əsasən, yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Buna görə də yaşa görə əmək pensiyaçıları işaxtaran və işsiz şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik deyilllər.
Onlar da işəgötürənlə əmək müqaviləsi bağladıqda işsizlikdən sığorta fonduna sığorta haqqı ödənilməsinə cəlb olunurlar. Fonda sığorta haqqı ödəmələrinə baxmayaraq həmin şəxslər əmək fəaliyyətini dayandırdıqda işaxtaran və işsiz vətəndaşlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmirlər.
Məsələ ilə bağlı Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib.
Nazirlikdən sorğuya verilən cavabda bildirilir ki, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər işsiz kimi deyil, işaxtaran kimi qeydiyyata alına və belə olduqda işaxtaran kimi müxtəlif aktiv məşğulluq proqramlarından faydalana bilərlər.
İşsizlikdən sığorta vəsaitləri hesabına da təkcə işsizliyə görə sığorta vəsaitlərinin ödənişi deyil, həm də işsizliyin qarşısının alınması üçün digər məşğulluq proqramlarının icrası və genişləndirilməsi işləri aparılır.
"Yəni bu gün əmək fəaliyyəti ilə məşğul olan və əməkhaqqından işsizlikdən sığorta vəsaiti tutulan yaşa görə pensiyaçı iş yerini itirdiyi və işaxtaran kimi qeydiyyata alındığı halda həmin aktiv proqramlara (o cümlədən özünüməşğulluq, ictimai işlər, peşə hazırlığının təşkili və s.) müraciət etmək imkanına malikdir".
Qeyd edək ki, statistik hesabatlara əsasən, 1 iyul 2021-ci il vəziyyətinə ölkə üzrə 116 min 527 nəfər yaşa görə pensiyaçı əmək fəaliyyətini davam etdirir.
Eləcə də oxuyun:
* Azərbaycanda pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır - Əli Məsimlidən narazılıq
* Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır
* Pensiya kapitalının bir hissəsinin kommunal xidmətə, kreditə ödənilməsi təklif edilir