YAZARLAR

Qərbliləri yanıldan azərbaycanlılar: Onlar dünya elmində öz sözlərini deməyə davam edirlər

SSRİ-nin dağılmasından sonra Qərbə axan beyinlər sübut etdilər ki, onların bütün texnologiyaları ABŞ-dan, Almaniyadan oğurlaması barədə deyilənlər doğru deyil.
Sputnik
"Sovet alimləri 6 dildə danışır, amma rusca". SSRİ-nin bel sütunu Rusiyanın 30 ildə Avropa, Yaponiya, ABŞ istehsalı olan avtomobillərin komfortunu təkrarlayan maşın istehsal edə bilməməsi, ən müasir "Lada"ların köhnə "Jiquli"lərdən yalnız dizaynı ilə fərqlənməsi sübut etdi ki, Rusiya sovet texnologiyalarından çox da uzağa gedə bilməyib.
Sovetlər dağılan kimi ittifaq alimlərinin çoxu dünyaya çıxmağı bacardılar, özlərini təsdiq edənlər də çox oldu. Hətta sübut etdilər ki, onların bütün texnologiyaları ABŞ-dan, Almaniyadan oğurlaması barədə deyilənlər doğru deyil. Amma onlara Avropanın qucaq açması bu fikrə əks-arqument deyil. İstənilən halda, bu coğrafiyadan, xüsusilə Sovetin xələfi kimi qəbul etdikləri Rusiyadan beyin axını Qərbin maraqları ilə sinxronluq təşkil edirdi.
Belə axınlarda gedənlərdən biri də Məsud Əfəndiyevdir. Ötən həftə görüşdüyüm dünyaya çıxan riyaziyyatçı alimimiz. M.Əfəndiyevi indi nəinki Almaniyada tanıyırlar, həm də böyük alim kimi qəbul edir, digər Qərb ölkələrinin aparıcı universitetlərinə mühazirə söyləməyə çağırırlar.
Ötən həftə Bakıda idi. Qərbi Kaspi Universitetində keçirilən "Gələcəyin enerjisi" həftəsində iştirak edirdi, bir-birindən dəyərli məruzələrlə çıxış etdi.
Tək deyildi. Daha bir həmvətənlimiz onunla bərabər bu Həftənin iştirakçısı idi: Ferudin Həmdullahpur. 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olan F.Həmdullahpur enerji məsələləri üzrə dünyada tanınan mütəxəssisdir, sonuncu dünya təhsil formunun spikerlərindən biridir. Bu olduqca alicənab insan, bir həftə ərzində onunla ünsiyyətdə olan bütün hər kəsdə xoş xatirələr buraxdı. Əslən azərbaycanlıdır, Türkiyədə doğulub. Qürurvericidir.
Zarafat deyil, həmvətənlimiz dünyanın ən yaxşı universitetlərindən birinə 10 il ərzində rəhbərlik edib. Bu, əslində Kanada üçün də qürur yaradır – deməli, Qərbdə doğrudan da etnik mənsubiyyət sosial liftə mane olmur. Bacarığın və intellektin var, vəssalam, daha baxmırlar ki, sənin adın İranı, Türkiyəni, Hindistanı xatırladır.