BAKI, 18 noyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan Elmin Samir oğlu Əlizadə əslən Ağdam rayonundan olsa da Mingəçevirdə, məcburi köçkünlər üçün salınan Yeni Həyat qəsəbəsində doğulub. Kiçik yaşlarından idmana həvəsli olduğundan valideynləri futbola yazdırıblar. Elmin Əlizadə 2013-2016-cı illərdə AFFA liqalarında oynayıb. Ən böyük arzusu isə doğma yurdu Ağdamı görmək, orada yaşamaq idi.
Şəhid Elmin Əlizadənin atası Samir Əliyev
© Sputnik / Rahim Mammadov
Sputnik Azərbaycan-ın məlumatına görə, səkkiz ay öncə hərbi xidmətə çağırılan E.Əlizadə Qubadlı, Laçın rayonlarında xidmətini davam etdirib. Şəhidlik zirvəsinə ucalmazdan iki gün qabaq isə atası Samir Əliyevlə danışaraq Kəlbəcərə getdiyini deyib.
“Oğlum səkkiz ay idi, hərbi xidmətə çağırılmışdı. Əvvəlcə Gəncədə oldu, andiçmədən sonra isə Qubadlıya, oradan Laçına göndərmişdilər. Üç-dörd ay idi, Laçının özündə idi. Axırıncı dəfə iki gün öncə danışdım özü ilə, dedi, ata, Kəlbəcərə gedirəm, mənə dua elə. Şəhid olmazdan bir gün qabaq isə komandiri ilə danışdım, dedi, normaldır hər şey. Elmin də kənardan səsləndi ki, “Ata, narahat olma e, yaxşıyam”. Sonda isə zarafatla dedi, ay ata, şəhid olub gələcəyəm, mənimlə fəxr edəcəksən. Dedim, ay oğul, o nə deməkdir, ürəyimizi partlatma. Dedi, mənimlə fəxr edəcəksiniz. Sonuncu danışığı elə o oldu. Qorxmaz oğul idi, heç nədən çəkinmirdi. Sanki hiss etmişdi şəhid olacağını. Nə deyim, Vətən sağ olsun!” - şəhid atası söyləyir.
Şəhid Elmin Əlizadə hərbçi yoldaşı ilə
© Sputnik / Rahim Mammadov
Elmin Əlizadənin nəşi gecə saatlarında Mingəçevirə gətirilərək ailəsinə təhvil verilib. 19 yaşlı Elmin Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Eləcə də oxuyun: