BAKI, 17 noyabr — Sputnik. Belarus-Polşa sərhədinə toplaşmış miqrantlar Rusiya Müsəlmanları Ruhani Məclisinin (RMRM) yaratdığı "Rosmiqrant" mərkəzinə kömək üçün müraciət ediblər. Bu barədə RİA Novosti-yə RMRM-in sədri, Rusiya Federasiyası İctimai Palatasının komissiya sədrinin müavini, müfti Albir Krqanov məlumat verib.
"Ruhani məclisinin nəzdindəki "Rosmiqrant" resursuna insanlar kömək üçün müraciət ediblər. Amma Belarus suveren dövlətdir, bizimlə qardaş ölkə olsa da, başqa dövlətin ərazisində hər hansı bir fəaliyyət həyata keçirə bilmərik", – deyə müfti bildirib.
Krqanov onu da qeyd edib ki, Belarusun dini təşkilatları qaçqınlara yardım etməyə çalışır. "Biz dini təşkilatların qaçqınlara imkan daxilində kömək etməyə çalışdıqlarını görür və buna görə onlara təşəkkürümüzü bildiririk. Harada olurlarsa olsunlar, insanlara yardım etmək lazımdır", – deyə Krqanov əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə RMRM-nin nəzdində miqrantlara hüquqi yardım göstərilməsi və onların mədəni adaptasiyasını təmin etmək məqsədilə "Rosmiqrant" mərkəzi yaradılıb, "qaynar xətt" açılıb. Layihə çərçivəsində çoxdilli "rosmigrant.rf" saytı da istifadəyə verilib ki, burada da miqrasiya mövzusu ilə bağlı müxtəlif məlumatlar öz əksini tapıb.
Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.
Həmçinin oxuyun: