BAKI, 15 noyabr — Sputnik. Baş nazir Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O deyib ki, Azərbaycan sərhədçiləri qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər.
"Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışır. Lakin internetdə real vəziyyəti əks etdirən görüntülər yayılanda, bu nazirlikdən etiraf dolu açıqlamalar gəlir. Nikol Paşinyan də elə buna görə Arşak Karapetyanı istefaya göndərdi ki, o nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi. Paşinyan anlayır ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq", - azərbaycanlı politoloq deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq: "Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menecerlər lazımdır. Bu Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq".
Politoloq bildirib ki, Azərbaycan sərhədin strateji yüksəkliklərində nəzarəti gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıdır: "Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çəmbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik".
Qeyd edək ki, bu gün Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
O, bu postda Arşak Karapetyanı əvəzləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib.
Həmçinin oxuyun: