BAKI, 15 noyabr — Sputnik. Bu gündən etibarən respublika üzrə istiliyin verilməsinə başlanılıb. Sputnik Azərbaycan-a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
R.Əliyevin sözlərinə görə, qazanxanaların dünən axşamdan etibarən işə salınmasına başlanılıb. Bu iş gün ərzində davam etdiriləcək. Ölkə üzrə 80 faiz yaşayış binası istiliklə təmin olunub:
""Azəristiliktəchizat" ASC 2005-ci ildə yaradılıb. Biz işə başlayanda 988 yaşayış binası istilik alırdı. İndi yaşayış binalarının istiliklə təminat faizi 80 faizə çatıb".
R.Əliyev onu da qeyd edib ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış cari borcu üzündən heç bir qazanxanaya mavi yanacağın verilişi dayandırılmayıb: "Mavi qazla işləyən bütün qazanxanalarımıza qaz verilir. Buna görə heç bir narahatlığa əsas yoxdur".
Qeyd edək ki, bu gün istiliyin verilməsinə başlanıldığı bildirilsə də, Bakıda bəzi məktəblərə istiliyin verilməsi mümkün olmayıb. Valideyn Elnurə Abuşova “Facebook” sosial şəbəkə hesabında övladının təhsil aldığı 247 saylı məktəbə istilik verilmədiyini bildirib.
Məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, onlar da soyuq sinif otaqlarında istiliyin verilməsini gözləyirlər: "Bizə bildiriblər ki, gün ərzində istilik veriləcək. Amma hələ verilməyib. Biz də gözləyirik".
R.Əliyev Sputnik Azərbaycan-a bildirib ki, bütün qazanxanaları eyni gündə işə salmaq fiziki baxımdan mümkün deyil: "559 qazanxananın hamısını birdən işə salmaq olmur. Suyun qızması, dövr etməsi müəyyən vaxt alır. Gün ərzində bütün qazanxanaların işə salınması başa çatacaq".
R.Əliyev onu da əlavə edib ki, abonentlər istiliyin verilməsi ilə bağlı problemlə üzləşərlərsə, "956"çağrı mərkəzinə zəng edib şikayətlərini bildirə bilərlər.
Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat vermişdi ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin onlara 25 milyon manat borcu var. R.Əliyevin sözlərinə görə, "Azəristiliktəchizat" ASC tərəfindən müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışı təmin ediləcək.
Qeyd edək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib.
Həmçinin oxuyun: