CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatı təhlükə altında olan məktəblilər - Səkisizlik problemi - FOTOREPORTAJ

Məktəblərə gedən yolda səkilər çayxana və mağazalarla zəbt olunub, şagirdlər avtomobil yolu ilə getmək məcburiyyətində qalırlar.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Dünyada "səkiləşmə prosesi" ("Car free") getsə də, təəssüf ki, paytaxtımızda bunun tam əksinin şahidiyik.
Artıq bir sıra meqapolislər avtomobilsiz şəhər ideyasını gerçəkləşdirməyə başlayıblar. Nyu-Yorkda, Los-Ancelesdə pandemiya ilində havadakı çirklilik azaldı. Demək olar ki, dünyanın bir çox iri şəhərlərində səma bəyaz və şəffaf oldu, insanlar açıq və təmiz havada piyada gəzməkdən daha böyük zövq aldıqlarını dedilər. Bu inqilabi prosesin niyə məhz pandemiya ilinə təsadüf etməsinə gəlincə isə, qeyd edək ki, virusun yayıldığı dövrdə tıxaclı şəhərdə insanlar ictimai nəqliyyatdan da imtina etmək məcburiyyətində qalaraq uzun məsafələri piyada gəzməyə üstünlük verdilər. Bununla da piyada gəzinti insanlar arasında bir trendə çevrildi.
Bəzi şəhər mərkəzlərinə avtomobillərin hərəkəti tamamilə qadağan edildi, bu yollar səkilərlə, velosiped yolları ilə əvəzləndi. Xüsusən də şəxsi avtomobillə şəhərlərdə hərəkət qadağan edildi. Əvəzində yeni avtomobil zolaqları çəkildi və sərnişinlər taksidə, avtomobildə saatlarla zaman itirmədən ictimai nəqliyyatla qısa zamanda mənzil başına çatmış oldular.

Dünyada bu iş necə gedir?

Gündəlik olaraq eyni yolu gedib-gələn şəxslərə Avropada komyuter (commuter) deyirlər. Məsələn, Los-Ancelesdə illik olaraq komyuterlər 119 saatı hərəkətsiz olaraq tıxaclarda keçirirlər, Moskvada isə bu 210 saat - yaxud da 9 sutkadır. Alman hökuməti isə avtomobillərin hərəkətini tamamilə qadağan etməsə də, "car free" - yəni, avtomobildən azad olan xüsusi ərazilərin siyahısını açıqlayıb.
Nizami rayonunda yerləşən 220 nömrəli məktəbə gedən yolda səkisizliyin yaşatdığı problemi açıq-aydın görmək olar.
Brüssel mərhələli şəkildə "səkiləşmə prosesi"nə keçid edir. Vaxtı ilə avtomobillər üçün ayrılmış yerlər isə zamanla yaşıllıq zolaqları, səkilərlə əvəz olunacaq.
Finlandiyalılar da yaxın zamanlarda avtomobildən tamamilə imtina edərək velosipedə, piyada gəzintiyə üstnülük verəcəklərini açıqlayıblar.
Son bir neçə ildə Oslo avtomobil parklarını aradan qaldıraraq bu yerləri velosiped yolları şəbəkəsi və velosiped duracaqları ilə əvəz edib. Məqsəd insanların piyada gəzintiyə üstünlük vermələrini, sağlam həyat yaşamalarını təmin etmək və gəzintidən zövq almalarına nail olmaqdır. Bununla bağlı Oslonun meri çıxışında deyib: "Düşünürük ki, insanların xəyal etdiyi şəhər sonsuz, ucu-bucağı görünməyən tıxaclı yollar, avtomobillərdən havaya atılan zəhərli tullantılardan ibarət deyil. Onlar heç avtomobil parklarından ibarət bir şəhəri təsəvvür etmirlər".
Tədqiqatçılar apardıqları araşdırmalarla sübuta yetiriblər ki, avtomobil yollarının azaldılması və avtomobil parklarının ləğvi insanların daha çox piyada gəzintiyə üstünlük verməsi ilə nəticələnib.
Hər ayın ilk bazar günü Parisin bir neçə mərkəzi küçəsində avtomobillərin hərəkəti qadağan edilir və yollar velosiped sürücülərinə, piyadalara təhvil verilir.
Üstəlik, statistikaya görə, hər il dünyada 1.25 milyon insan yol qəzalarında dünyasını dəyişir.
Bəzi yollarda səkilər dar olduğu üçün eyni anda hər kəsin belə maneəli yolla hərəkəti mümkünsüzdür.

Bakıda beş addımlıq yolu da avto ilə gedirlər

Azərbaycanda bəzən yuxarıda deyilənlərin tam əksini görmək mümkündür. Bəzən beş addımlıq yolu getmək üçün avtomobilə üstünlük verilir. Yaxud da, dar yollarda, piyadanın rahat hərəkətinə maneə yaradaraq avtomobilini məktəbin giriş qapısınadək sürənlər də az deyil.
Məsələn, Nizami rayonunda yerləşən 220 nömrəli məktəbə gedən yolda səkisizliyin yaşatdığı problemi açıq-aydın görmək olar. Nizami rayonu İcra Hakimiyyətinin binasından üzü məktəbə doğru getdikcə yol boyu valideynləri həyəcan, təşviş bürüyür. Uşağın əlini bir saniyəlik buraxmaq, yaxud gözündən yayındırmaq bədbəxt hadisə ilə nəticələnə bilər. Yol boyu qarşımıza müəyyən qədər səki çıxsa da, bunların əksəriyyəti, demək olar ki, tamamilə yararsızdır. Dar səkilərin tən ortasında böyük ağaclar addımbaşı maneə olaraq qarşımıza çıxır. Səkilər dar olduğu üçün eyni anda hər kəsin belə maneəli yolla hərəkəti mümkünsüzdür. Belə olan halda isə valideynlər, elə azyaşlılar da formal olan səkidənsə, avtomobillərin hərəkət etdiyi yolla getməyə daha çox üstünlük verirlər.
Bəzi yerlərdə ümumiyyətlə səki yoxdur və həmin yerlər böyük yük avtomobilləri, çayxana və kafelərlə zəbt olunub.

Həm günahkar, həm zərərdidə

Bu problemdən əziyyət çəkən valideynlər olduğu kimi, ən böyük problemi yaradan da elə valideynlərin özüdür. Ümumiyyətlə, demək olar ki, məktəbli övladını avtomobillə gətirən əksər valideynlər üçün belə bir trend var ki, yollar dar olsa da, maşını məktəbin giriş qapısının ağzınadək sürməlidirlər. Belə olan halda isə məktəblilərin həyatı daha böyük risk altına düşür.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən digər - 210 nömrəli orta məktəbə gedən yolda da bənzər problem yaşanır. Maşınların şütüdüyü yolun bir hissəsi səkisizdir, digər hissədə isə səkilərin tən ortasında ağaclara - maneələrə rast gəlmək mümkündür.
Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbə gedən yol darlığı ilə diqqət çəkir.
Nizami rayonu ərazisində yerləşən məktəblərə gedən yoldan fərqli olaraq Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbə gedən yolun darlığı, avtomobillərin sıxlığı diqqət çəkir. Eyni zamanda da yolun bir hissəsi avtomobil parkı kimi istifadə olunur. Digər maraqlı məqam isə məktəbə yaxın ərazidə "pub"ların olmasıdır.
Şəhərin əksər rayonlarında məktəblərə gedən yollarda vəziyyət təhlükəli olduğundan, yaşından asılı olmayaraq məktəblilər əksər hallarda qısa məsafəni də valideynləri ilə birgə getmək məcburiyyətində qalırlar.

Əslində necə olmalıdır?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a deyib ki, paytaxtın Nəsimi rayonununda da bu sahədə acınacaqlı hal yaşanır: "Bakının Nəsimi rayonunda yerləşən 19 nömrəli məktəbin arxa tərəfində maşın yolu və avtomobil parklanması üçün yer var idi. Düz həmin yolun ortasında 3 il öncə bir bina tikintisinə başlanılsa da, sonradan işlər yarımçıq qaldı. O bina 3 ildir ki, məktəbin həyətindədir. Bu gün, təəssüf ki, Bakıda tikinti özbaşınalığı tıxaclardan, parklanma problemlərindən azad olmağa imkan vermir".
Ekspert bildirir ki, hazırda Bakıda istənilən sahibkar ürəyi istədiyi bir yerdə ərazini rahatlıqla zəbt edə bilər: "Səkiləri rahatlıqla zəbt etmək mümkündür. Bu gün bəzi yerlərdə kafe-restoranların da məktəblərə bitişik olduğunu görə bilirik. Siqaret və içkinin satıldığı mağazalar da məktəblərə bitişikdir".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Bakıda tikinti özbaşınalığı tıxaclardan, parklanma problemlərindən azad olmağa imkan vermir.
E.Cəfərov deyir ki, sahibkarlar tərəfindən hətta rahatlıqla avtomobil yollarının da bir hissəsi zəbt olunur: "Bu gün Bakıda nəinki məktəblər, heç xəstəxanaların da parklanma üçün yerləri yoxdur. Belə olan halda xəstəni gətirən sürücü, təbii ki, avtomobili, yer yoxdursa, yolun ortasında saxlamalı olur".
O bildirir ki, tikintilərə nəzarət olmadığından tikinti işləri başlayarkən obyekt sahibindən ərazidə nə tikdirməsi də soruşulmur: "Tikinti sahibindən soruşulmalıdır ki, ərazidə xəstəxana tikir, iaşə obyekti tikir, yaxud da ticarət mərkəzi tikir? Hər bir obyektin özünəməxsus standartı olmalıdır. Böyük bir alış-veriş mərkəzinin böyük parklanma yeri olmalıdır".
Nöqsanları sadalayan ekspert qeyd edir ki, bu problemi həll etmək üçün ilk olaraq tikinti obyektlərinə tələblər qoyulmalıdır.
"Parklanma yerlərinin xəritəsi vətəndaşlara açıqlanmalıdır. Bu çox vacib bir nüansdır. Dövlət qurumlarının açıqlamasına görə Bakıda 15 min parklama yeri mövcuddur. Əgər bu belədirsə, o zaman vətəndaşlarımız niyə avtomobili yolun ortasında saxlayırlar? Deməli, 15 min parklamanın olduğu yerləri kimlərsə bilərəkdən ictimaiyyətə açıqlamır. İstəyirəm ki, bu ünvanlar və xəritə cəmiyyətə açıqlansın".
Ekspert deyir ki, parklama yerləri vətəndaşlara məlum olmadığından onlar məcbur qalaraq avtomobili harada gəldi saxlayırlar.
Parklama yerləri tapmayan bəzi sürücülər məcbur qalaraq avtomobili harada gəldi saxlayırlar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhərində ümumilikdə səkilərin vəziyyətinin tam qənaətbəxş olmadığını deyib: "Gün ərzində piyada gəzərkən belə səkilərin bu və ya digər formada obyekt sahibləri tərəfindən zəbt olunması ilə bağlı xeyli sayda faktla rastlaşırıq. Hələ 2017-ci ildə Bakı şəhərində səkilərin vəziyyəti ilə bağlı kompleks təhlillər aparılıb. Bunun nəticəsində aşkar edilən çatışmazlıqlar aradan qaldırılması üçün foto və video materiallarla birgə müvafiq olaraq yerli icra hakimiyyəti orqanlarına təqdim edilib. Lakin bu istiqamətdə müsbətə doğru dəyişikliklər çox da görünmür".
M.Ağayev bildirib ki, ötən il 24 küçə üzrə səkilər əsaslı təmir olunub: "Bunun nəticəsində 48 km məsafədə səkinin davamlılığı təmin edilib. Bu il isə Bakı Nəqliyyat Agentliyinin verdiyi layihə əsasında 38 küçə və prospektdə yenidən qurma işləri aparılaraq səkilər bərpa edilib. Həmçinin ideal səki layihəsi çərçivəsində iki küçədə H.Ələsgərov və Ş. Mehdiyev küçələrində işlər davam etdirilir".
Təhsil müəssisələrinin ətrafında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına gəlincə isə M.Ağayev bu məsələnin də daim diqqətdə saxlanıldığını vurğulayıb: "Ondan artıq məktəbin ətrafında piyada infrastrukturu yenidən qurulub və yol hərəkətinin təşkili daha da təkmilləşdirilib. Bu proses davamlı olaraq aparılır. Qeyd etdiyiniz 220 nömrəli məktəb-liseyin ətrafına da baxış keçiriləcək və zəruri işlər görüləcək".
Eləcə də oxuyun:
* Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye! - Parkinq problemi nə vaxt həll olunacaq?
* Bakıda parkinq problemi: Qeyri-rəsmi qiymətlər əl yandırır
* Güclü külək Bakıda 10-dan çox məktəbə ziyan vurub
* Soyuq havalarda məktəbləri nəfəs isitmir - uşaqlar isə noyabrın 15-dək xəstələnirlər