MƏDƏNİYYƏT

Məşhur muzey "Əllərinizlə toxunmayın!" qadağasını götürür: bizim qurumun da əməyi var

Dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində yaradılıb.
Sputnik
BAKI, 14 noyabr - Sputnik. Rusiya Dövlət Ermitajının Baş qərarqah binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi açılıb. Layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə keçirilir.

İndi şedevrlərə toxunmaq lazımdır

Sputnik Azərbaycan-ın məlumatına görə, əsasən görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş bu layihənin muzey təcrübəsində tətbiq olunan bir sıra yenilikləri bütün kateqoriyalı ziyarətçilər üçün də maraqlı olacaq. Belə ki, artıq muzeydə eksponatla tamaşaçı arasındakı “Əllərinizlə toxunmayın!” qadağasına əsaslanan maneə aradan qaldırılır. Vizual təəssüratları taktil üsulla tamamlamaq üçün bu eksponatlara əllə toxunmaq olar və lazımdır (pandemiya ilə bağlı tələbləri nəzərə alaraq, ziyarətçilər birdəfəlik əlcəklərlə təmin olunurlar).
Ermənilər İspaniyada Azərbaycan xalçaları nümayiş olunan muzeyə qarşı təxribat törədiblər
Sərgidə Leyden kolleksiyasında (ABŞ) qorunub-saxlanılan Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli təqdim olunur. Model ilk dəfə 2018-ci ildə Ermitajda “Rembrandt və Vermeyer epoxası. Leyden kolleksiyasının şedevrləri” sərgisində ictimaiyyətə təqdim olunub. Sərginin digər bölməsi Ermitajda qorunub-saxlanılan Pəncikəndin məşhur freskalarına həsr olunub. Belə ki, inklüziv sərgi üçün bu freskalar əsasında hazırlanmış taktil barelyeflər və onların animasiya edilmiş süjetləri hazırlanıb.
Layihənin mühüm hissəsini Altayda “Pazırıq” kurqanından tapılmış tekstil fraqmentlərinin xalçaçılıq texnikalarında hazırlanması oldu. Eksponatların bir hissəsi – yurta üçün keçə örtüyü fraqmentinin replikası Sankt-Peterburq mütəxəssisləri tərəfindən hazırlanıb. Layihənin digər hissəsi isə – dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində yaradılıb.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov təmsil ediblər. Sərginin açılışı pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə baş tutub.
Sərgini açarkən Dövlət Ermitajın direktoru Mixail Piotrovski layihə haqqında məlumat verib, əməkdaşlığa görə AMXM-yə təşəkkürünü bildirib. O, sərgidə nümayiş olunan eksponatlardan biri – Pazırıq kurqanındakı yurta örtüyünün atlı və ilahi təsviri olan keçə fraqmentinin taktil nümunəsini Bakı muzeyinə hədiyyə edib. Bütün eksponatların mobilliyini qeyd edən M.Piotrovski onların yaxın gələcəkdə bu muzeyin artıq ənənəsinə çevrilmiş Ermitaj Günlərində dünyanın bir sıra ölkələrində nümayiş etdiriləcəyini bildirib.

Bakının töhfəsi

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərginin açılışında çıxış edərkən qeyd edib ki, 2019-cu ildə AMXM təqdim etdiyi görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş “Sərhədsiz muzey” layihəsi Azərbaycanın muzey işində inklüziv istiqamətdə inkişafın flaqmanına çevrilib. O bildirib ki, AMXM-nin eksperimental laboratoriyasının mütəxəssisləri əsas kimi özündə xovlu və xovsuz toxumanı birləşdirən qədim texnologiyanı istifadə ediblər. Bu texnologiya əsasında bir neçə il əvvəl taktil təəssürat üçün əlçatan olan relyef replikalarının yaradılması işlənib hazırlanıb. 2019-cu ildə bu layihənin təqdimatında UNESCO proqramı çərçivəsində Bakıya ustad dərslər keçmək üçün gəlmiş Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkiel də iştirak edib. O, bu layihədən ilhamlanıb, öz muzeyində bu barədə danışıb, bunun sayəsində bu əməkdaşlıq yaranıb. İ.Malkiel Ermitajın bu layihəsinin kuratorudur. Ermitajın laboratoriyasında Pazırıq xalçası üçün rəng şkalası hazırlanıb, AMXM-nın laboratoriyasında isə müəyyən çalarda yun seçilmiş və iplər təbii boyalarla boyanıb. Bundan sonra AMXM-nin Ənənəvi texnologiya şöbəsində fraqmentlərin çeşniləri yaradılıb və onların əsasında məşhur Ermitaj eksponatının taktil replikaları toxunub.
MƏDƏNİYYƏT
Nyu-York qalereyasında azərbaycanlı rəssamın qiymətli əl işləri nümayiş olunub
“Cartier” fransız Zərgərlik-Saat Evinin Rusiya və MDB ölkələrində marketinq və kommunikasiya üzrə direktoru Sergey Vladimiroviç Xiruntsev çıxışında qeyd edib: “Biz şadıq ki, Dövlət Ermitajı insanların fiziki vəziyyətindən asılı olmayaraq dünya incəsənəti şedevrlərinin onlar üçün əlçatan olmasını təmin etmək imkanlarını axtarmaqda davam edir. Və bu, Cartier evinin dəyərlərinə və öhdəliklərinə tamamilə uyğundur. Bu təşəbbüsün bir hissəsi olmaq bizim üçün misilsizdir”.
Noyabrın 12-də açılan sərgi dekabrın 12-dək davam edəcək.