BAKI, 14 noyabr - Sputnik. Amerikalı konqresmenin bəyanatı demaqogiyadır, o, faktları təhrif edir, Cənubi Qafqazda müharibədən sonra bu gün nələrin olduğunu qəsdən görməzdən gəlir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Amerikalı konqresmen Frenk Pollone "Qarabağın dinc erməni sakininin öldürülməsini" şərh edərkən Azərbaycan Prezidenti İlham Əliyevi "ölümcül fəaliyyətinə görə" məsuliyyətə cəlb etməyin lazım olduğunu bildirib.
Abbasovun sözlərinə görə, Qarabağ müharibəsi Ermənistanın təcavüzkar siyasəti və əsassız ərazi iddialarının nəticəsi olaraq başlayıb. Bu müharibənin nəticələrinə yenidən nəzər yetirməyə, yaxud şübhə eləməyə gərək yoxdur - Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib.
"Hazırda Qarabağın bəzi hissələrində az sayda ermənilərin yaşaması isə Azərbaycan üçün təhlükə deyil. Başqa bir məsələ - qanunsuz erməni silahlı birləşmələrinə necə son qoymaqdır. Bu gün bu məsələni tam ciddiyyəti ilə qaldırmaq lazımdır", - Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.
"Pollonenin haqqında danışdığı "dinc sakin" isə, heç şübhəsiz ki, erməni tərəfinin çilingər kimi qələmə verməyə çalışdığı diversant idi. Bundan sonra Şuşa şəhərinin yaxınlığında "eyni cür dinc sakinin" azərbaycanlı hərbçilərə qumbara atması isə diversant ehtimalını daha da gücləndirir", - siyasətçi vurğulayıb.
Abbasov əmindir ki, amerikalı konqresmen baş verənləri olduğu kimi öz gözləri ilə görməli və müharibənin bitdiyini qəbul etməlidir.
"Pallone və onun kimi ermənipərəst ruhlu təşviqatçılar yaddan çıxarmasınlar ki, Azərbaycan ondan ötrü qan tökməyib ki, ermənilər orada yenidən qeyri-müəyyənlik zonası yarada bilsinlər", - Sputnik Azərbaycan-ın müsahibi qeyd edib.
Abbasov deyir ki, bu lobbiçilər anlamalıdırlar ki, hər şeyi uduzublar: "Qarabağın müstəqil subyekt kimi tanınması olmayacaq. İndi Qarabağda yaşayan 20-25 min erməni isə Azərbaycanın potensial vətəndaşlarıdır. Ağlın yolunu seçib səlahiyyətlərini aşmasınlar", - Abbasov söyləyib.
"Azərbaycan hökuməti nələrin baş verdiyini çox gözəl anlayır. Erməni terroru Ermənistan çərçivəsində öz tətbiqini tapa bilər. Azərbaycan çərçivəsində isə ona qarşı etibarlı qalxan qoyulacaq. Buralarda o keçmir", - politoloq yekunlaşdırıb.
Eləcə də oxuyun:
* Şuşa yaxınlığında törədilən terror aktı barədə rəsmi məlumat: Üç hərbçimiz yaralanıb
* İqor Korotçenko: Paşinyan bugünkü Şuşa terroruna izahat verməlidir