BAKI, 14 noyabr — Sputnik. Azərbaycan həndbolunda bir sıra idmançıların milli federasiyanın fəaliyyətindən narazılığı lə bağlı qalmaqal baş verib. Bu barədə Sputnik Azərbaycan xəbər verir.
Ötən həftə Azərbaycanın kişi yığmasından ibarət həndbolçuları Azərbaycan Respublikasının Gənclər və İdman nazirinə Milli Federasiyanın fəaliyyətindən şikayətlərini əks etdirən açıq məktub yayıblar. Məktubda xüsusilə qeyd olunur ki, Azərbaycan millisi üzvləri 8-9 noyabrda Qarabağda Vətən Müharibəsi zamanı həlak olmuş şəhidlərin məzarlarını ziyarət etmək istədiklərinə baxmayaraq, onları bayram günlərində məşq etməyə məcbur ediblər.
Bundan əlavə, maaşda gecikmələrin olması və maaşın yarıya qədər kəsilməsi qeyd olunub. Üstəlik, həndbolçular hər ay maaşlarından 20-30 manat kəsildiyini qeyd ediblər.
"Federasiyada baş verən özbaşınalıqların və xaosun qarşısının alınmasını, ölkədə bu idman növünün idarəetmə və inkişafına nəzarətin bərqərar olmasını, həndbolçulara əmək haqlarının vaxtında ödənilməsinin təmin olunmasını və hüquqlarının qorunmasını xahiş edirik", - deyə müraciətdə bildirilir.
Bu açıq məktubu həndbolçular Nicat Əzizov, Üzeyir Səlimov, Cavid İsmayılov, Orxan Əliyev, Rəsul Şərifli, Hacı İsmayılov, Saleh Vəliyev, Kamil Məmmədzadə, Vadim Skrebtsov, Xaliq Məlikov və Elşad Məmmədyarov imzalayıblar. Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı həndbolçular Daxili İşlər Nazirliyinin idman birliyinin qarşısında toplaşaraq federasiya rəhbərliyi onlarla görüşənə qədər məşqləri boykot etmək niyyətində olduqlarını bildiriblər. Azərbaycan Həndbol Federasiyasının prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.
Etiraz edən həndbolçularla bağlı vəziyyəti Sputnik Azərbaycan-a şərh edən Milli Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev deyib ki, koronavirus pandemiyasından sonra insanlar aqressivləşib və müxtəlif vəziyyətlərə bir qədər fərqli reaksiya verməyə başlayıblar.
"İnsanlar pis nəsə haqda danışanda, yəqin ki, yaxşı şeylər haqqında da danışmalıdırlar. Məsələn, keçən il ərzində pandemiya səbəbindən zallar bağlananda onların formada saxlanılması üçün bizim stadionu icarəyə götürdüyümüzdən bu oyunçular niyə danışmırlar? Bundan əlavə, onlar pandemiyadan əvvəl aldıqları maaşı eyni həcmdə almağa davam edirdilər", - deyə Atakişiyev bildirib.
Həndbolçuların Federasiyanın 8-9 noyabr bayram günlərində onları məşq etməyə məcbur etməsi ilə bağlı ittihamlarına gəlincə, funksioner qeyd edib ki, federasiya klublara dəstək olsa da, komanda daxilində məşq prosesinə təsir göstərmir.
"Federasiya komandaların daxili proseslərinə müdaxilə etmir. Biz bu klubları maliyyələşdiririk və bir növ nəzarət edirik, ancaq biz idmançılarla işə, məşqlərə qarışmırıq. Təbii ki, komandaların büdcələrində dəyişikliklər baş verib və bu, ilk növbədə, pandemiya ilə bağlıdır. İl yarımdan çoxdur ki, ölkədə sadəcə olaraq idman fəaliyyət göstərmir. Ölkə çempionatı başlayan kimi klubların büdcələrində də dəyişikliklər baş verəcək", - deyə funksioner qeyd edib.
Federasiyanın baş katibi həndbolçuların hansı səbəbə görə az maaş almalarından da danışıb.
"Mən onlara izah etməyə çalışıram ki, biz əmək haqlarını kəsmirik, sadəcə olaraq, oyunçunun naməlum səbəbdən buraxdığı məşq günlərini ödəmirik. Məsələn, bu yaxınlarda həndbolçulardan biri ailə həyatı qurub, bu barədə bizə klub məşqçisi məlumat verib və biz idmançının maaşını kəsmədən ona bir həftə məşqlərə gəlməməsinə icazə verdik. Və ya oyunçunun səhhətində problem yaranarsa və həkim tərəfindən təsdiqlənərsə, biz bu halda da onun maaşını kəsmirik. Ancaq təəssüf ki, məşqlərdə iştirak etməyən, sonra da heç bir sübut təqdim etmədən sağlamlıq haqqında danışan idmançılar da var ki, biz bu halda sadəcə olaraq idmançının səbəbsiz buraxdığı məşq günlərini ödəmirik", - deyə Federasiyanın baş katibi izah edib.
Funksioner narazı azərbaycanlı həndbolçularla görüş keçirməyə hazır olduğunu vurğulayıb.
"Onlar etiraz etməyə başlamazdan əvvəl biz onları federasiyaya dəvət etdik, ancaq onlar görüşməkdən imtina etdilər. Onlar bu görüşün öz etiraz aksiyaları zamanı, medianın iştirakı ilə olmasını istəyirdilər. Məni fakt qarşısında qoydular, o zaman isə mənim sadəcə vaxtım yox idi. Düzü, heç bu formatda da iştirak etmək istəmirəm. Biz onlarla görüş keçirməyə, əsasən də maliyyə ilə bağlı bütün problemlərimizi müzakirə etməyə hazırıq. Yeri gəlmişkən, əmək haqlarının gecikmə ilə ödənilməsi ilə bağlı bəyanatlar doğru deyil. Maaşla bağlı heç vaxt gecikmə olmayıb", - deyə Atakişiyev bildirib.
Həndbolçuların Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə yazılan açıq məktubuna gəlincə, Atakişiyevin sözlərinə görə, hələ ki İdman Nazirliyindən Federasiyaya müraciət edən olmayıb.
Qeyd edək ki, həndbol üzrə Azərbaycan çempionatının keçirilməsinə gələn il yanvar ayının sonundan start verilməsi nəzərdə tutulsa da, hələ yarışın başlaması ilə bağlı dəqiq tarix yoxdur.