BAKI, 12 noyabr - Sputnik.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərar noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə verilib.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər.
Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.
Eləcə də oxuyun:
* Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək - İlham Əliyev