BAKI, 12 noyabr — Sputnik. "BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin, İnsan hüquqları Şurasının və Avropa Şurasının Azərbaycan hökumətinə tövsiyələrini nəzərə alaraq zorakılığa məruz qalan qadınlar üçün regional sığınacaqların ehtiyaca uyğun artırılmasına maliyyə dəstəyi verilməlidir".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İnsan Hüquqları müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman təklif edib ki, real vəziyyət nəzərə alınaraq, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, 3 yaşınadək uşağa qulluğa görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqlarına, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına, övladlığa götürülən uşağa, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə nəzərdə tutulmuş müavinətlərin məbləği artırılsın.
O, həmçinin qeyd edib: "Müəyyən təbii fəlakətlər zamanı evi dağılan ev sahibləri nəzərdə tutulmuş müddətdə sənədlərini təqdim etməyiblər. Ona görə də onların evləri təmir olunmayıb. Onlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə onlara yardım göstərilməsini xahiş edirəm".
Eləcə də oxuyun:
* Azərbaycanda muzdlu işə aid olmayan yeni iş yerləri açılacaq