SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Minsk qrupu niyə fəallaşıb? - Ermənistanın diplomatik masaya ümidləri

Millət vəkili bu fikirdədir ki, hansısa zamandan sonra Azərbaycan və Ermənistan rəsmilərinin hər hansı vasitəçi olmadan birbaşa təmasları qurulmalıdır.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Noyabrın 10-da UNESCO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.
Son zamanlar qarşılıqlı olaraq Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən münasibətlərin normallaşması ilə bağlı açıqlamalar verilir. Baxmayaraq ki, hər dəfə belə bəyanatlar və tərəflər arasında hansısa sazişin imzalanacağı ilə bağlı xəbərlər yayılan kimi müxtəlif təxribatlar baş verir. Bütün bunların fonunda Minsk qrupu da öz fəaliyyətini nümayiş etdirmək istəyir. Parisdə XİN rəhbərlərini görüşdürən həmsədrlər yeni reallıqları nəzərə almaqla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
CƏMİYYƏT
İlham Əliyev: "İyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib"
Sputnik Azərbaycan yeni reallıqlar şəraitində ATƏT-in Minsk Qrupunun fəallaşmasının səbəbləri ilə bağlı millət vəkili Aydın Mirzəzadənin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqovun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, ATƏT-in Minsk qrupu münaqişə olduğu dövrdə onun həlli üçün hər hansı rol oynamağı bacarmadı: "Onlar tarixdə nəticəsiz diplomatik gedişlər edən struktur kimi qalıblar. Azərbaycan beynəlxalq hüququn təminatı ilə öz problemlərini həll edib. Minsk qrupu yeni reallıqlar şəraitində mövcudluğunu qorumaq üçün təkliflər vermək istəyirsə, Azərbaycan buna da etiraz etmir".
Millət vəkilinin sözlərinə görə, XİN rəhbərlərinin son görüşləri də Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını göstərir.
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidir, kommunikasiyalar açılmalıdır. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir. Üçtərəfli işçi qrupunun fəaliyyət göstərməsi, eyni zamanda XİN rəhbərləri səviyyəsində görüşlərin keçirilməsi müsbət haldır. Amma onu da deməliyəm ki, hansısa zamandan sonra Azərbaycan və Ermənistan rəsmilərinin hər hansı vasitəçi olmadan birbaşa təmasları qurulmalıdır".
Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində nə varsa, təklif edib. O qeyd edib ki, Prezident İlham Əliyev də Ermənistanla normal münasibətlərin qurulmasının tərəfdarı olduğunu deyib: "Kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfi təkliflərini verib. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun gələn mülahizələrini irəli sürüb. Ümumən bunları ATƏT-in Minsk qrupunun fəaliyyəti kimi yox, yeni situasiya nəticəsində Azərbaycan və Ermənistanın təmaslar qurmaq cəhdləri kimi baxmaq lazımdır".
SİYASƏT
MDB iclasında qalmaqal – Əli Əsədov Paşinyanın müavinini susdurdu
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov da ATƏT-in Minsk qrupunun fəallaşmaq cəhdlərini şərh edərkən qeyd edib ki, hazırda həmsədrlərin funksiyası müharibədən əvvəlki ilə eyni deyil: "Münaqişə artıq başa çatıb. Prezident İlham Əliyevin də dediyi kimi, Minsk qrupu fəaliyyətini yeni reallıqlara uyğun tənzimləməlidir. Bu da öz növbəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, ölkələr arasında etimadın yaranmasına xidmət edə bilər".
Politoloq qeyd edib ki, həmsədrlərin bəyanatlarında da yeni reallıqlara uyğunlaşmaq cəhdləri görürük: "Onların mina xəritələri, müharibə zamanı itkin düşən şəxslərin tapılması ilə bağlı açıqlamaları bu istiqamətdə fəaliyyət göstərmək niyyətində olduğunu göstərir. Azərbaycanın mövqeyi həmsədrlərə də, Ermənistana da aydındır".
"Ermənistan tərəfi həmsədrlərin fəaliyyətində nəyə ümid edə bilər?" sualına cavabında Fuad Çıraqov bildirib ki, Ermənistan həmsədrlərin köhnə funksiyasını yerinə yetirməsini istəyir: "Bu ölkə müharibədə məğlub olub və itirdiklərini diplomatik masada qazanmaq istəyir. Hazırkı vəziyyətdə Azərbaycana təzyiq edilə biləcək və təklif edilə biləcək nəsə yoxdur. Onlar separatçıların tanınmasını istəyir, buna Minsk qrupu çərçivəsində və digər platformalarda nail olmaq istəyirlər. Amma Azərbaycan diplomatik masada da üstün tərəfdir".
Eləcə də oxuyun:
* Spiker "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə etiraz etdi
* Ceyhun Bayramov Mirzoyanla görüşdü, Fransa XİN rəhbəri minalara dair söz verdi
* Qarabağla bağlı Rusiyadan yeni təklif
* Minsk Qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhd göstərilir - MM-in bəyanatı
* Muxtariyyət artıq müzakirə mövzusu deyil - İlham Əliyevin "France 24" kanalına müsahibəsi