BAKI, 12 noyabr — Sputnik. Bu gün Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak və gündəliklə bağlı çıxış edib.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Bəyanatların müddəalarının, o cümlədən hərbi əsirlər ilə bağlı bəndin Azərbaycan tərəfindən pozulması, hərbi əməliyyatların gedişi zamanı baş vermiş dağıntılar, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyinə dair əsassız və məntiqsiz ittihamlar irəli sürüb.
Baş nazir Əli Əsədov əlavə çıxış edib və Ermənistan nümayəndəsinə cavab verərək deyib: "Hörmətli hökümət başçıları, iclasda Ermənistan təmsilçisi tərəfindən səsləndirilən bəzi fikirlərə aydınlıq gətirmək və deyilənlərlə bağlı mövqeyimizi ifadə etmək istərdim. 44 günlük müharibə başa çatıb, Azərbaycan 30 il ərzində işğal altında olan torpaqlarını azad edib. 9-10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı imzalanıb. Biz tam şəkildə 9-10 noyabr Bəyanatına sadiqik və onun bütün maddələrini icra edəcəyik.
Moskvada 11 yanvar 2021-ci ildə qəbul edilmiş Bəyanatın bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu maddəsinə gəldikdə isə, Rusiyanın hökumət başçısının müavini, Azərbaycan Baş nazirinin və burada iştirak edən Ermənistan Baş nazirinin müavininin həmsədirliyi ilə yaradılmış işçi qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilir. Odur ki, "Azərbaycan nəqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən istifadə edir" fikrini şərhsiz qoyardım. Bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və təkçə Azərbaycanın deyil, eyni zamanda bir müddət əvvəl regionun digər təmsilçilərinin qeyd etdiyi kimi hamının marağına cavab verir.
Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu. 10 noyabr bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib. Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki, 2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb.
Bununla yanaşı, bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən, hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədi ilə daxil olmuşdular. Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir. Ancaq buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: cari ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan bəyan etdi ki, onun ərazisində "Dağlıq Qarabağ" adlanan ərazi vahidi yoxdur. Azərbaycanda "Qarabağ" və "Şərqi Zəngəzur" iqtisadi rayonları var".
Eləcə də oxuyun:
* Rəsmi Bakı istəyinə çatdı – Ermənistan Gorus-Qafan yolundan imtina etdi