BAKI, 10 noyabr — Sputnik. Cari ilin 10 ayında Azərbaycanda orta pensiya 331 manat olub, növbəti ildə bu məbləğ 345 manata çatdırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.
Nazir bildirib ki, hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir.
"Burada tək pensiyalardan söhbət getmir. Arxiv sənədlərinin mərkəzləşdirilməsi çərçivəsində də yüksək məbləğli saxta pensiya işlərinin hamısı tam ləğv edilir. Artıq 16 rayonda ünvanlı sosial yardım üzrə yoxlamalar tam mərkəzləşdirilib. İlin sonunadək bu proses 46 rayonda həyata keçiriləcək", - deyə S.Babayev bildirib.
O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti ildə çox böyük artım gözlənilir: “Bundan irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait azaldılır. DSMF-nin büdcəsinin 80%-i sosial sığorta haqlarının yığımı hesabına formalaşacaq. Sosial sığorta haqlarının artmasında İqtisadiyyat Nazirliyi, vergi orqanları və digər bizim qurumlarımızın əlaqələndirilmiş işinin çox ciddi payı olub".
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.
Büdcə zərfinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri və s. daxildir.
Eləcə də oxuyun:
* Rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır - Abuzər Mütəllimov