BAKI, 8 noyabr — Sputnik. Zəfər Günü və metro işçilərinin peşə bayramı günü münasibətilə metronun "8 Noyabr" stansiyasında tədbir keçirilib.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, tədbirdə hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları səsləndirilib və milli musiqi üçlüyünün çıxışı olub. Həmçinin, mərasimə gələnlər "Bakı Metropoliteni" QSC-nin Vətən müharibəsində iştirak edən əməkdaşlarının fotolarından ibarət sərgi ilə tanış olublar.
"8 Noyabr" stansiyasında Zəfər Günü qeyd olunub
© Photo : Baku Metro Closed Joint-Stock Company
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, bu gün ən qürurverici hadisə metropolitenin sayca 26-cı stansiyasının cənab Prezidentin təşəbbüsü ilə "8 Noyabr" adlandırılmasıdır: "Bildiyiniz kimi, Bakı metropoliteni Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan günləri ("28 May", "20 Yanvar") stansiyalarının adında yaşadan bir nəqliyyat vasitəsidir. Bu səbəbdən metropoliten həm də şəhərimizin rəmzlərindən hesab olunur. Bu gün Bakı metropoliteni tarixində ilk dəfə hərbi orkestrin ifasında canlı konsert təqdim olunur. Stansiyalar və qatarlar günün ruhuna uyğun olaraq bəzədilib".
"8 Noyabr" stansiyasında Zəfər Günü qeyd olunub
© Photo : Baku Metro Closed Joint-Stock Company
Metropoliten rəsmisi onu da əlavə edib ki, hazırda Vətən Müharibəsində iştirak etmiş 71 nəfər bu gün Bakı Metropoliteninin əməkdaşıdır: "Bakı metropoliteninin 53 işçisi Vətən Müharibəsində iştirak edib. Qələbədən sonra isə müharibə iştirakçılarının metropolitendə işə qəbul edilməsinə xüsusi önəm verilərək, daha 18 nəfər işlə təmin olunub. İndi Bakı metropolitenində Vətən müharibəsi iştirakçılarının sayı 71 nəfərdir. Onu da qeyd etmək istəyirəm ki, müharibə iştirakçılarımızdan 2 nəfəri İkinci Qarabağ savaşı başlamazdan əvvəl metropolitenin verdiyi elan əsasında maşınist kurslarına cəlb olunmuşdu və müharibədən sonra Bakı metropoliteni onların işlə təmin edilmələrini əsas borc kimi qəbul etdi və növbəti kursa cəlb olundular. Bu gün həmin iki nəfər artıq maşınist kimi fəaliyyət göstərir".
Qeyd edək ki, gün ərzində metronun "İçərişəhər" və "28 May" stansiyalarında da tədbirlər keçiriləcək.
Eləcə də oxuyun:
* "O, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq" - İlham Əliyev
* “Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib
* Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* "Azərbaycan xalqı, gözün aydın, başın daim uca olsun!" - Mehriban Əliyeva