MƏDƏNİYYƏT

"Vəd" yazdı, Buker mükafatının sahibi oldu

Əsərlər 2020-ci il oktyabrın 1-dən 2021-ci il sentyabrın 30-dək Böyük Britaniya və İrlandiyada dərc olunmuş 158 kitab arasından seçilib.
Sputnik
BAKI, 4 noyabr - Sputnik. Cənubi Afrikadan olan yazıçı Deymon Qalqut "Vəd" romanına görə 2021-ci ilin Buker mükafatına layiq görülüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə mükafatın Twitter səhifəsində qeyd olunub.
Qalqut 1963-cü ildə Pretoriyada anadan olub. Altı yaşında ona xərçəng diaqnozu qoyublar. Yazıçı bunu "həyatının əsas, faciəli hadisəsi" adlandırır. Qalqut Keyptaun Universitetində dramın əsaslarını öyrənib. İlk romanını 17 yaşında dərc etdirib.
Bu il Buker mükafatı almağa namizədlər arasında Qalqutla yanaşı, Anuk Arudpraqasam ("Şimala keçid"), Patrisiya Lokvud ("Bu barədə heç kim danışmır"), Nadifa Mohammad ("Uğurlu adamlar"), Riçard Pauers ("Anlaşılmazlıq") və Meggi Şipsted ("Böyük dairə") də vardı.
Bu əsərlər 2020-ci il oktyabrın 1-dən 2021-ci il sentyabrın 30-dək Böyük Britaniya və İrlandiyada dərc olunmuş 158 kitab arasından seçilib.
Mükafatın qalibi 50 min funt-sterlinq alacaq.
Buker mükafatı ingilis ədəbiyyatının ən prestijli mükafatı sayılır. Mükafat ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildə yaradılsa da, 1969-cu ildən təqdim olunmağa başlanılıb. 2014-cü ilədək yalnız Böyük Britaniya, İrlandiya və Britaniya Birliyinə daxil olan ölkələrin vətəndaşları onun laureatları ola bilərdilər. 2014-cü ildən qaydalar dəyişdi, indi istənilən pasportun sahibinin mükafatı qazanmaq şansı var, əsas şərt romanın ingilis dilində yazılması və mükafatın verildiyi il Böyük Britaniyanın rəsmi nəşriyyatı tərəfindən dərc olunmasıdır.
Buker mükafatını ilk alan şəxs britaniyalı yazıçı Persi Hovard Nyubi olub. 1969-cu ildə mükafat onun "Buna görə cavab vermək lazım gələcək" romanına görə verilib. Müxtəlif illərdə Ayris Merdok, Salman Rüşdü, Kadzuo İsiquro, Uilyam Qoldinq, Marqaret Etvud kimi ədiblər Buker mükafatına layiq görülüblər.
Eləcə də oxuyun:
* Ədəbiyyat üzrə Nobel mükafatı: maraqlı faktlar
* Dövlət varidatı elan edilən əsərlərə dair qərar qəbul olunub
* Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”