Hamiləlik və koronavirus: simptomlar, müalicə, risklər
Pron-pozisiya qarın üstə uzanma vəziyyətidir, bu ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır. Həkimlər koronavirusun ən ağır dövründə və reabilitasiya zamanı bu vəziyyətdə yatmağı məsləhət görürlər.
SputnikBAKI, 28 oktyabr — Sputnik. Hamilələrdə koronavirusa yoluxma barədə nələri bilməliyik, virus anadan uşağa keçirmi, COVID-19 doğuşu ağırlaşdırırmı?
Belarus Dövlət Tibb Universitetinin Mama-ginekologiya kafedrasının assistenti Svetlana Jukovskaya bu və digər suallara aydınlıq gətirib.
COVID-19 hamilə qadınlarda da digər pasiyentlərdə olduğu kimi təzahür edir. Həkimin sözlərinə görə, hamilələrdə koronavirus daha çox aşağıdakı simptomlarla özünü göstərir:
Temperaturun yüksəlməsi – 27,6% Dadbilmə, qoxu hissinin itməsi – 21,5% Oynaqlarda ağrı – 16–36,7% ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin ötən ilin noyabr ayına aid statistik məlumatlarına görə, hamilələrin 54-75%-də koronavirus simptomsuz keçir.
Hamiləlik vaxtı koronavirusun ağır gedişatı
Bununla belə, hamilələrin fertil yaşda olan qadınlara nisbətən koronavirusu daha ağır keçirdiyi ilə bağlı məlumatlar da var. Belə hallar kompleks tibbi prosedurlara ehtiyacı aşağıdakı şəkildə artırır:
intensiv terapiya və reanimasiya şəraitində müalicəyə - 3 dəfə ağciyərlərin mexaniki ventilyasiyasına - 2,9 dəfə EKMO-ya (Ekstrakorporal Membranın Oksigenləşməsi) - 2,4 dəfə Bundan başqa, ölüm halı da 1,7 dəfə artır.
Bu nə ilə bağlıdır? İlk növbədə onunla ki, hamiləlik vaxtı immun sisteminin aktivliyi dəyişir, tənəffüs sistemi fərqli şəkildə işləyir (bununla da virusun hava-damcı yolu ilə daxil olma riski artır).
Həmçinin, hamilə qadınlarda reseptor vasitəsilə SARS-CoV-2 virusunun orqanizmin hüceyrələrinə daxil olduğu xüsusi fermentin tərkibi daha yüksək olur.
"Hamilə qadınların xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilməsi tezliyi çox deyil - 5%. Ancaq hamiləlik müddəti 24 həftədən çox olduqda, belə xəstələrin müalicəsi daha çətin keçə bilər", – deyə Jukovskaya vurğulayır.
Hamiləlik və pron-pozisiya
Hamiləlik müddəti nə qədər uzun olarsa, koronavirusa qarşı dərman təyin etmək bir o qədər çətinləşir. Hamiləliyin axırıncı aylarında pron-pozisiya ilə bağlı da çətinliklər yaranır.
Pron-pozisiya qarın üstə uzanma vəziyyətidir, bu ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır. Həkimlər koronavirusun ən ağır dövründə və reabilitasiya zamanı bu vəziyyətdə yatmağı məsləhət görürlər.
"Əslində, hamiləlik pron-pozisiya üçün əks-göstəriş deyil. Hərçənd, bu vəziyyəti almaq adi pasiyentlərlə müqayisədə hamilələrdə daha çətin olur. Və burada müəyyən göstəriş olmalıdır: pron-pozisiya koronavirusun yüngül keçən formalarında tətbiq olunmur. Yəni, xəstədə pnevmoniya və oksigen təchizatının pisləşməsi müşahidə olunmursa, buna ehtiyac qalmır", – deyə Jukovskaya izah edir.
Hansı hamilə qadınlar COVID-19-u ağır formada keçirmə riski daşıyır? Əgər qadın sağlamdırsa, immun sistemi normal vəziyyətdədirsə, onda koronavirus yüngül formada keçəcək. Əgər yan xəstəliklər varsa, COVID-19-u ağır keçirmə riski dəfələrlə artır. Bura şəkərli diabet, yüksək arterial qan təzyiqi, ürək-damar xəstəliklərini aid etmək olar.
Bundan başqa, qanın laxtalanması ilə müşayiət olunan xəstəliklərə, məsələn, trombofiliyaya, antifosfolipid sindromuna diqqət yetirmək lazımdır. Həmçinin, siqaret çəkmək, damarların genişlənməsi də öz təsirini göstərir.
Hamiləliyin ilk üç ayında koronavirus
Həkimlər təsəlli verir: hazırda hamiləliyin ilk 12 həftəsində teratogenlik (dölə təsir malformasiyaya gətirib çıxarır-red.) təsdiqini tapmayıb. Odur ki, həkimlər qadınlara məhz koronavirusa yoluxduqlarına görə hamiləliyə son qoymağı məsləhət görmürlər. Bununla belə, əgər hamilə qadın ağır və ya kritik vəziyyətdədirsə, hamiləlik bu durumu bir az da ağırlaşdıra bilər. Buna görə də konsilium əsasında həmin addımın atılması barədə qərar qəbul oluna bilər.
Koronavirus və erkən doğuşlar
Artıq təsdiq olunub ki, koronavirusa yoluxma hamilə qadınlarda vaxtından əvvəl doğuş hallarını təxminən 29%-ə qədər artıra bilər. Bəs hər bir konkret vəziyyətdə qeysəriyyə əməliyyatına ehtiyac varmı?
"Hər şey ölkədən və koronavirusla mübarizə təcrübəsindən asılıdır. Hazırda 35-40 faiz hallarda koronavirusa yoluxmuş hamilə qadınlarda doğuş prosesi qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilir", – deyə həmsöhbətimiz vurğulayır.
Koronavirus dölün məhvinə səbəb ola bilərmi?
Təəssüf ki, rəqəmlər ümidverici deyil. Məsələn, Böyük Britaniyada hər 1000 doğuşa düşən bətndaxili ölüm halları 4,1-dən 11,5-ə qədər artıb. Eləcə də, ABŞ-da koronavirusa yoluxub xəstəxanaya yerləşdirilmiş hamilə qadınlarda ölü doğuş halları 3 faiz artıb.
Jukovskaya deyir ki, koronavirusa məruz qalmış qadınlar, xüsusən də əgər virusa hamiləliyin ilk üç ayında yoluxublarsa, boyuna və çəkisinə görə daha kiçik uşaqlar dünyaya gətirirlər.
Koronavirus anadan uşağa keçirmi?
Bu məsələ ilə bağlı elmi dairələrdə gedən mübahisələr hələ yekunlaşmayıb. Bir tərəfdən virusun bətndaxili ötürüldüyü artıq elmi nəşrlərdə öz əksini tapıb. Məsələn, COVID-19-a yoluxmuş 1000 hamilə qadının cəlb olunması ilə aparılan belə tədqiqatların birinin nəticəsinə əsasən, yeni doğulan körpələrin 3%-də virusun RNT-sinə rast gəlinib. Onlardan doğuşdan dərhal sonra yaxma götürüldüyündən bətndən kənar yoluxmadan söhbət gedə bilməz.
Göbək qanı nümunəsində virusun aşkarlanmasına dair sübutlar da var, ancaq bu hal yalnız bir dəfə qeydə alınıb. Ciftdə M sinfinə aid immunoqlobulinin tapılması hadisəsi də baş verib ki, bu, xəstəliyin ağır gedişatının göstəricisi sayıla bilir.
ABŞ-ın məlumatlarına görə (2610 nəfərlə aparılan tədqiqat) yenidoğulanların 2,5%-dən çoxunda koronavirus aşkarlanıb. Bu daha çox aktiv infeksiyalı qadınların dünyaya gətirdikləri uşaqlarda müşahidə olunub.
Bununla belə, bütün dünyanın elmi ictimaiyyətinin fikri yekdildir: dölün COVID-19-a bətndaxili yoluxma riski aşağıdır.
Koronavirus zamanı icazə verilən doğuş metodları
Koronavirus öz-özlüyündə qeysəriyyə əməliyyatı üçün göstəriş sayıla bilməz. Bu yalnız o halda həyata keçirilir ki, qadında xəstəlik ağır şəkildə özünü göstərir və vəziyyət təxirəsalınmaz doğuş həlli tələb edir.
"Koronavirus zamanı doğuş metodunun seçilməsi də ekstragenital xəstəlikli qadınlarda olduğu kimi aparılır. Yəni, belə hesab olunur ki, təbii yolla doğuşa üstünlük verilməlidir, bu halda uşağın yoluxma ehtimalı daha aşağı olur. Əgər qadının vəziyyəti imkan verirsə, doğuşu təbii yolla qəbul edirik", – deyə Jukovskaya bidirir.
Bəs koronavirusa yoluxmuş qadınlarda doğuş zamanı başqa hansı nüanslar nəzərə alınmalıdır?
Əlavə olaraq qanın oksigenlə təchizat səviyyəsini hər saatda bir yoxlamaq tövsiyə olunur. Bundan başqa, müntəzəm şəkildə KTQ (kardiotokoqrafiya) qeydiyyatı aparılmalıdır ki, dölün vəziyyətini qiymətləndirmək mümkün olsun.
Koronavirusa yoluxmuş hamilələrdə kompüter tomoqrafiyası aparmaq olarmı?
Həkim əmin edir: döş qəfəsinin standart kompüter tomoqrafiyası zamanı dölün alacağı şüalanma dozası hamiləlik qüsurlarına səbəb ola biləcək radiasiyaya məruz qalma həddi səviyyəsindən xeyli aşağıdır. Odur ki, koronavirusa yoluxma şübhəsi varsa, hamilə qadının bu müayinədən imtina etməsinə ehtiyac yoxdur.
Koronavirusa yoluxma zaman doğuşun ağırlaşması
Doğuş zamanı virusa yoluxmuş qadınlarda daha çox rast gəlinə bilən ağırlaşmalar – tromboemboliya ehtimalı ilə bağlıdır. Hətta əgər hamiləlik normal davam etsə belə, homeostaz sisteminin yenidən qurulması səbəbindən tromboz riski hələ də qalır. Koronavirusun özü də bu riskləri artırır. Və bu təsirlərin hamısı üst-üstə düşür.
"Qadınların tromboembolik ağırlaşmalar riski altında olduğunu anlamaq lazımdır, xüsusən də qeysəriyyə əməliyyatından sonra - bunun özü trombozla əlaqələndirilir", – deyə Jukovskaya vurğulayır.
Bəli, belə problemlər var, odur ki, doğuşa kompressiya corabları ilə gedilməlidir. Və əvvəlcə aşağı ətrafların damarlarının ultrasəs müayinəsi aparılmalıdır, kompressiya sinfini düzgün müəyyən etmək üçün cərrahla məsləhətləşmək olar. Ağırlaşma riski yüksəkdirsə, lazımi dərmanlar təyin edilir.
Bu vəziyyətdə yalnız hamilə qadının xəstəlik tarixçəsini deyil, həm də ailələrində müşahidə olunan xəstəlikləri qiymətləndirmək vacibdir. Ailədə erkən yaşda infarkt, tromboz qeydə alınıbsa, hamilə qadında irsi trombofiliyanın olmadığına tamamilə əmin olmaq lazımdır.
* Azərbaycanda koronavirus:
rəqəmlərdə azalma var *
Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...